"Aksiz dərəcələrinin dəyişməsi sosial baxımdan həssas insanlara təsir etməyəcək"


Azərbaycanda bəzi aksizli malların aksiz dərəcələrinin artırılmasının və aksizli malların siyahısına yeni məhsulların əlavə edilməsinin əhalinin sosial cəhətdən həssas hissəsinə təsirləri gözlənilmir.


Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı yaydığı açıqlamada bildirilir.

Məlumatda həmçinin deyilir ki, dəyişikliyə əsasən, gələn ildən Azərbaycanda istehsal olunan içməli spirtin, arağın, tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyorun və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə aksiz dərəcəsi 3,2 manatdan 4 manata, tütündən hazırlanan siqaretlər və əvəzedicilərinin 1 000 ədədinə 35 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1 000 ədədinə 12,9 manatdan 14 manata qaldırılıb. Eyni zamanda, növbəti ildən etibarən, qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib. Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsalın tətbiqi nəzərdə tutulub.

Dəyişikliyin məqsədi avtomobil parkının yenilənməsinin stimullaşdırılması, ekologiyaya mənfi təsir edən avtomobillərin gətirilməsinin məhdudlaşdırılmasıdır. Belə ki, ölkə prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na görə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi, istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, dövlət başçısının 2 fevral 2021-ci il tarixli sərəncamına əsasən, "təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi" növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına beş Milli Prioritetdən biri kimi təsdiq edilib.

Bu səbəbdən idxal edilən və istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinə münasibətdə hesablanmış aksiz məbləğinə yüksəldici əmsalların tətbiqi ilə yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı, habelə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı ƏDV-dən azad edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkəyə idxal edilən nəqliyyat vasitələrinin 90%-i mühərrik həcmi 2000 kubsantimetr həcmli olan nəqliyyat vasitələridir. Nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq olunan aksiz dərəcələrinin artımı isə mühərrikin həcmi 3 000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə şamil edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu