Yeni 20 manatlıq əskinaslar tədavülə buraxılır


Gələn il fevralın 10-dan Azərbaycanda yenilənmiş 20 manatlıq əskinaslar tədavülə buraxılacaq.


Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumatda deyilir ki, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

AMB eyni zamanda 20 qəpiklik metal pul nişanının dizaynını yeniləyərək tədavülə buraxıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub. Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu