Nərminin qətli ilə bağlı şok faktlar: “Kamal Qılıcov camaatı yığıb dedi ki...”


Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Nərminin əmisi Arif Quliyev təkrar dindirilib.

Qeyd olunub ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də sonuncu dəfə bu əmisigildə olub, ondan sonra itkin düşüb.

Arif Quliyev deyib ki, günorta saatlarında Nərmin onlarda təxminən 1 dəqiqə dayanıb və gedib: "Təxminən saat yarım sonra böyük bacısı Şəbnəm gəldi. Dedi ki, Nərmin hələ də evə qayıtmayıb, özü də bacısının burada olub-olmadığını dəqiqləşdirmək üçün gəlib. Nərminin bizdə olmadığını bilib evlərinə döndü”.

Arif Quliyev qeyd edib ki, Nərminin harada olduğu bilinməyib: "Nərminin atası Şərif Quliyev həmin gün axşam saat 18.00 radələrində bizə gəldi. Oradan da qonşu kənddə toy axşamına getdik”.

Daha sonra Arif Quliyev vəkillərin suallarına cavab verib. O deyib ki, İlkin yanvarın 6-da saxlanıb: "İlkini həmin gün polis şöbəsinə aparmışdılar. Saxlandığını həmin gündən bilirdik. Uşağın üç mərasimində mağarda Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi-red.) camaatı yığaraq dedi ki, uşağı öldürən İlkindir”.

Arif Quliyevin sözlərinə görə, yanvarın 6-da, axşam qardaşı qızının meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını eşidib və hadisə yerinə gedib: "Mən gedəndə çoxlu polislər vardı. Meyitə lap yaxından baxmadım, aramızda təxminən 5 metr məsafə olardı. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb. Onların evinin yanında idi. Gedib atasına xəbər verdim, onlar da həmin yerə gəldilər”.

Arif Quliyevin dindirməsi zamanı məlum olub ki, uşağın atası da gələndə meyitə baxmayıb, heç anası Aynurə İsmayılova da nə həmin gün, nə də sonradan tapılan meyiti görməyib.

Məhkəmədə məlum olub ki, Nərmin itkin olduğu müddətdə kənddə evlərdə axtarışlar aparılıb. Dondar Quşçuya gətirilən əhilləşdirilmiş itlər uşağın əmisi Arif Quliyevin, onunla eyni həyətdə yaşayan nənəsinin və yanaşı həyətdə yerləşən qonşunun evlərinə daxil olub. Qohumlar, polislər başqa evlərə də baxış keçirilib.

Arif Quliyev istintaqa ifadəsində deyib ki, İlkin Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı Murad Süleymanov axtarışlar vaxtı onlara məxsus evlərə baxış keçirməkdən yayındırmağa çalışıb.

Məhkəmədə isə bu məsələ ilə bağlı fərqli danışıb: "O evlərə baxış keçirməyə qadağa qoyulmamışdı. İstəsəydik, baxa bilərdik. Sadəcə, Murad özü polis olduğuna görə baxmamışıq”.

Növbəti proses noyabrın 3-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.(Teleqraf.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu