“Nərminin qan qrupu IV, basdırılan meyitinki isə II qrup olub”


Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülməsində təqsirli bilinən İlkin Süleymanovun məhkəməsi keçirilib.


Ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda uşağın nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev ifadə verib.

Nərmin Quliyeva hadisədən əvvəl sonuncu dəfə məhz əmisigildə olub və oradan çıxandan sonra itkin düşüb. Arif Quliyev bildirib ki, qardaşıgillə onun evi arasında məsafə 700 metrdir: “Nərmin bizə gödəkçə gətirmişdi. Günorta saat 3-ə qalmış olardı. Dedi ki, gödəkçəni atası göndərib. Mən də ondan qardaşımgilə bir torba göndərməliydim. Baxdım ki, ağırdır, apara bilməyəcək. Dedim ki, bacını da götürüb gələrsən, apararsız. Nərmin getdi və təxminən bir saat sonra böyük bacısı gəldi ki, Nərmin gəlib çıxmayıb”.

A.Quliyev həmin gün Nərminin əynində hansı paltarlar olduğunu tam dəqiqliyi ilə xatırladığını bildirib. Lakin onun dediyi geyimlərlə daha əvvəl ifadə vermiş şahidlərin təsvirləri üst-üstə düşməyib. Arif Quliyevin ifadələrində ziddiyyətlər olduğuna görə onun dindirilməsi növbəti prosesdə davam etdiriləcək.

Məhkəmədən sonra İlkin Süleymanovun ailə üzvləri mediaya açıqlamalarında Nərminin yaxınlarının bir çox məsələləri gizlətdiklərini iddia ediblər. İlkin Süleymanovun qardaşı Adil Süleymanovun sözlərinə görə, Nərminin ailəsi həqiqətin üzə çıxmasını istəmir: “Cinayətin günahsız bir adamın üstündə qalmasına yardım edirlər. Həqiqətləri gizlətdikcə də ziddiyyətlər çoxalır. Məsələn, uşağın anası dindiriləndə demişdi ki, Nərminin əynində axırıncı dəfə yubka, ağ kalqotka olub. Əmisi isə deyir ki, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub. Əmisi Nərminin bütün geyimlərini yadında saxlayıb, amma həmin gün evlərinə gələn qardaşı Şərifin, onun böyük qızının nə geyindiyini xatırlamır?”.

A. Süleymanov deyir ki, iş materiallarında daha da ziddiyyətli məqamlar var: “Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir. Nərminin qan qrupu IV, basdırılan meyitin qan qrupu isə II qrup olub. Bu fakt ekspertiza rəyində də var”.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayıb və 47 gün sonra qətlə yetirib.

İ.Süleymanov cinayəti törətdiyinə dair etiraf ifadəsinə qol çəksə də, məhkəmədə bunu təkzib edib. O iddia edib ki, Tovuz rayon Polis Şöbəsində işgəncələrə məruz qaldığı üçün ifadəyə məcbur qol çəkib. (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu