Toğrul İsmayıl: “Heç bir xarici təzyiq Ankaranın Azərbaycanı dəstəkləməsinə mane olmayacaq”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Almaniya, Fransa, Kanada, Finlandiya, Danimarka, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərini ölkəsində “persona non-grata” elan etməsi əmrindən sonra dünya mediasında bununla bağlı çoxlu nəşrlər dərc edildi. Mövzu ilə bağlı tamamilə ziddiyyətli fikirlər səsləndi və hələ də səslənir. Kimsə Türkiyənin Qərbə qarşı getdiyini söyləyir, amma daha çox Ankaranın öz maraqlarını müdafiə etməsindən bəhs edilir.


Türkiyə prezidentinin qərarına səbəb Qərb diplomatlarının 2016-cı ilin iyulunda Türkiyədə çevriliş cəhdində günahlandırılan hüquq müdafiəçisi Osman Kavalanın sərbəst buraxılmasına israr edən açıqlamaları olub.

Türkiyəli politoloq, Kahramanmaraşdakı “Sütçü İmam” Universitetinin professoru Toğrul İsmayıl Oxu.Az-a müsahibəsində qeyd edib ki, Türkiyə tərəfi on Qərb diplomatının bəyanatını Türkiyə rəhbərliyinə meydan oxumaq, ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirib.

“Heç bir xarici dövlət Türkiyəyə davranış xətti tətbiq edə, nə edəcəyini və necə davranacağını diktə edə bilməz. Prezident Rəcəb Tayyib Ərdoğan bu cür təzyiqləri sadəcə qəbuledilməz hesab edir”, - deyə Toğrul İsmayıl bildirib.

Həmsöhbətimiz eyni zamanda qeyd edib ki, hazırda, ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin dövründə Türkiyə ilə ABŞ, eləcə də bəzi digər NATO müttəfiqləri ilə münasibətlər heç də yumşaq deyil:

“Ancaq bir daha təkrar edəcəyəm - müasir Türkiyə müstəqil, suveren və güclü dövlətdir, heç kimin bizə öz şərtlərini diktə etməyə haqqı yoxdur”.

- Türkiyə ilə bəzi Qərb müttəfiqləri arasında gərginlik bir aydan çoxdur davam edir. Bu, Türkiyə Cümhuriyyətini, Cənubi Qafqaz da daxil olmaqla onun bölgədəki mövqeyini zəiflətmir?

- Türkiyə yalnız bölgədəki təsirini gücləndirir. Və bu, məsələn, amerikalıların mənfi reaksiyasına səbəb olur. Nəzərə alın ki, ABŞ Cənubi Qafqazda (Türkiyə, Rusiya, İran və Azərbaycan, Gürcüstan Ermənistan) “3 + 3” formatını təsdiq etməyib. Aydındır ki, bu platformada amerikalılar yoxdur, buna görə qəzəblənirlər.

Türkiyə istənilən tərəfdən mümkün təzyiqlərin artmasına baxmayaraq, Azərbaycanı dəstəkləyəcək. Bakı və Ankara müttəfiqdir, bizim əlaqələrimiz möhkəmdir. Ankaranın rolunun güclənməsi isə Qərbin xoşuna gəlmir. Bu yaxınlarda Amerika Prezidenti Co Bayden ümumiyyətlə, Türkiyənin Yaxın Şərqdəki amerikalıların maraqlarına zidd hərəkət etdiyini açıqlayıb.

Ancaq hər halda Türkiyənin NATO tərəfdaşları ilə yaxşı münasibətlər quracağını düşünürəm. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hər bir dövlətin qorumağa borclu olduğu maraqları var. Türkiyə məhz bunu edir - maraqlarını qoruyur və gələcəkdə də qoruyacaq.

Dediyim kimi, heç bir xarici və ya daxili oyunçu Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə bilməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu