“Qarabağ məsələsinin həllində rol oynayacaq şəxslər həmin insidentdə öldürülmüşdü”


“2020-ci il noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə Qarabağda atəşkəslə bağlı imzalanan bəyanatın bütün digər elementlərindən fərqli olaraq, regionda rus sülhməramlıların yerləşdirilməsi Minsk qrupunun vasitəçiliyi ilə əvvəllər keçirilən danışıqların bir hissəsi olmayıb”.


“Qafqazinfo” xəbər verir ki, bunu 1999-2001-ci illərdə ATƏT-in Minsk qrupunun ABŞ üzrə həmsədri olmuş Keri Kavano “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibə zamanı deyib.

Keri Kavano 2001-ci ilin aprel ayında Ki-Uestdə Azərbaycan və Ermənistan arasında danışıqlar getdiyi bir zamanda həmsədr idi. Bir çox ekspertin fikrincə, Ki-Uest görüşündən əvvəl aparılan danışıqlarda tərəflər Qarabağla bağlı sülh sazişinə daha yaxın idilər. Lakin tərəflər arasında razılıq əldə olunmadı.

Kavano müsahibəsi zamanı 1999-cu il oktyabrın 27-si Ermənistan parlamentində baş vermiş atışmanı da xatırladıb. Keçmiş həmsədrin sözlərinə görə, Qarabağ məsələsinin gələcək həllində əhəmiyyətli rol oynaya biləcək şəxslər həmin insident zamanı öldürülüb.

“Həmin gün Amerika həmsədrliyinin nümayəndə heyətinin tərkibində Ermənistanda idim. Səhər prezident sarayında Prezident, Baş nazir və xarici işlər naziri ilə görüşdük. Oradan hava limanına yollandıq və Ankaraya uçduq. Ankaraya çatanda eşitdik ki, erməni parlamenti atəşə tutulub, Baş nazir və parlamentin spikeri öldürülüb”, - deyə K. Kavano bildirib.

O, həmin vaxt Azərbaycan və Ermənistan liderləri arasında ciddi müzakirələrin getdiyini desə də, sözügedən danışıqların detallarını açıqlamayıb.

2020-ci il 9 noyabrda imzalanan üçtərəfli bəyanatdan danışan Kavano bildirib ki, bu bəyanatın bütün elementləri Minsk qrupunun həmsədrləri tərəfindən müzakirə edilib və bu məsələ rus sülhməramlıların yerləşdirilməsi istisna olmaqla dialoqun bir hissəsi olub.

“Minsk qrupunda gedən müzakirələrə əsasən, sülhməramlılar və ya müşahidəçilər nə qonşu ölkələri, nə də həmsədr ölkələri təmsil etməsələr, bu ən yaxşı həll yolu olar. Düşünürəm ki, Rusiya bununla tam olaraq razı idi, çünki bu, sözügedən məsələyə siyasi baxımdan ən sərfəli yanaşma idi. Rusiya niyə öz sülhməramlılarını göndərdi? Fikrimcə bu, təhlükənin dərəcəsi, erməni tərəfinin nəzarətində olan əraziləri sürətlə itirməsi və Şuşa ətrafında hadisələrin sürətlə inkişaf etməsi ilə bağlı idi”, - deyə keçmiş həmsədr vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu