İcbari Tibbi Sığorta Agentliyindən jurnalistin anası ilə bağlı AÇIQLAMA


Tovuz rayonunun Əyyublu kəndində fəaliyyət göstərən tibb məntəqəsinin əməkdaşı Sadıqova Almaz Ağakişi qızı əmək haqqı ala bilmir.


Bu barədə Almaz Sadıqovanın qızı, Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva bildirib.

Onun sözlərinə görə, anası 34 ildir ki, həmin tibb məntəqəsində tibb bacısı işləyir.

“May ayında anam sertifikasiya imtahanı verib. Lakin imtahandan keçə bilməyib. Sertifikasiya imtahanı ilə bağlı qanunvericiliyə görə, 6 ay müddətində ikinci dəfə imtahan vermək mümkündür. Bu müddət ərzində isə həmin şəxsin əmək haqqı ödənilir. Lakin anam may ayından bu yana əmək haqqını ala bilmir”, - deyə jurnalist əlavə edib.

Onun sözlərinə görə, tibb məntəqəsindən anasına bildirilib ki, artıq o əmək haqqını İcbari Tibbi Sığortadan istəməlidir:

“Həmin qurum isə heç bir səbəb göstərmədən anamın maaşını verə bilmir. Yeri gəlmişkən, anam 5 il əvvəl də sertifakisya imtahanı verib. Həmin vaxt birinci imtahandan kəsilib, ikinci dəfə imtahan verib və keçib. Bu müddət ərzində anamın əmək haqqı ödənilib. Amma bu dəfə bildirirlər ki, əmək haqqını İcbari Tibbi Slğorta ödəməlidir.Anam ağır şəkər xəstəsidir. Həm imtahana hazırlaşmalı, həm də müalicəsini davam etdirməlidir. Əmək haqqını ala bilmədiyinə görə bunları etməyə imkanı yoxdur”.

Arifə Əliyeva hesab edir ki, bu, sadəcə anasının halal maaşını mənimsəmək cəhdidir.

“Bu ölkə qanunlarla idarə olunur. Qanunvericilikdə də aydın şəkildə göstərilib ki, maaş ödənməlidir. Digər tərəfdən, anamla bağlanan əmək müqaviləsinə xitam verilməyib. Yəni, anam faktiki olaraq Əyyublu kənd tibb məntəqəsinin işçisidir. Yaxşı, bəs onda niyə əmək haqqı ala bilmir? Bəlkə qanunlar dəyişib və artıq dövlət qurumlarının əməkdaşları havayı işləməlidir?! Belədirsə, desinlər bilək”, - deyə jurnalist vurğulayıb.

Baş redaktor məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi düşünür:

“Anamın təqaüdə çıxmağına çox az vaxt qalıb. Əvvəla, bir neçə ildən sonra təqaüdə çıxacaq 34 ilin işçisindən imtahan götürmək başa düşülən deyil. İkincisi, qeyd etdiyimi İcbari Tibbi Sığorta faktiki olaraq qanunsuzluq edir. Hər halda Tovuz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi məsuliyyəti bu qurumum üstünə atır. Ona görə də düşünürəm ki, məsələnin nəzarətə götürülməsi və özbaşınalığa son qoyulması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməyi düşünürəm. Paralel olaraq müvafiq qurumları məhkəməyə verəcəm”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətindən AFN-ə bildirildi ki, Sadıqova Almaz 07.05.2021-ci il tarixində sertifikasiya imtahanından keçməyib: "Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinin altıncı və yeddinci abzaslarına əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətinə iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.
Nazirlər Kabinetinin 2010-cu il iyun tarixi 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti sertifikasiya imtahanlarında iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Sertifikasiya imtahanları Səhiyyə Nazirliyi tərəfindən təşkil edilir. Tovuz rayon Mərkəzi Xəstəxanası işçini Lənkəran Tibb Kollecinə təkrar təkmilləşdirmə kursundan keçmək üçün yönləndirib.
Yuxarıda qeyd edilənlərə əsasən, eləcə də sertifikatlaşma ilə əlaqədar normativ hüquqi aktlar, o cümlədən Əmək Məcəlləsinin 179-cu “İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar” maddəsinin 2-ci hissəsində müəyyən edilən hallara əsasən sertifikasiyadan keçməyən işçinin iş yerinin saxlandığı 6 ay ərzində orta əməkhaqqının saxlanılması halı aid edilmədiyi və sertifikasiyadan keçməyən işçi praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmadığı üçün iş yeri saxlanılan həmin dövrdə ona əmək haqqı ödənilmir.
Tovuz rayon Mərkəzi Xəstəxanasından Agentliyə verilən məlumata görə, tibb bacısı Sadıqova Almaz Anakişi qızına qanunvericilikdən irəli gələn bütün məsələlər barədə məlumat verilib, onun bununla bağlı sualları cavablandırılıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu