Qarabağda təhsilin inkişafı və yenidənqurma perspektivləri

Ötən 2020-ci il Azərbaycan tarixində Qələbə ili kimi yadda qaldı və torpaqlarımız erməni işğalından azad olundu. Artıq Böyük Qayıdışın başladığını deyən ölkə başçısı bildirib ki, 2021-ci ildə işlərimiz çoxdur, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlanılıb: “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad edilmiş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış ərazilərdə infrastrukturun, mədəni obyektlərin, təhsil ocaqlarının bərpası başlıca vəzifələrdən biridir".
İşğal zamanı ərazilərin təhsil mənzərəsi
Qarabağ ərazisində təhsilin inkişaf tarixinə baxsaq görərik ki, ilk dünyəvi qəza məktəbi məhz Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində, 1830-cu ildə fəaliyyətə başlayıb. Adıçəkilən 190 yaşlı Şuşa qəza məktəbi özündə böyük bir tarixi saxlayaraq, illər boyu elm və təhsilə böyük töhfələr verib, bir çox akademik və elmlər doktorları, ictimai xadimlər yetişdirib.
Çar hökuməti dövründə dünyəvi təhsilə keçidin, inkişafın və bu sahənin tərəqqisinin növbəti nümunəsi kimi burada 1881-ci ildə fəaliyyətə başlayan, görkəmli pedaqoq və sənətkarlar yetişdirmiş Şuşa real məktəbini də göstərmək olar.
Sonrakı dövrdə Qarabağda kifayət qədər təhsil ocaqları fəaliyyətə başlayıb və təhsil sektoru daha da inkişaf edib. Lakin erməni silahlı qüvvələri işğal etdiyi ərazilərdə bütün yaşayış və iaşə obyektləri kimi təhsil müəssisələrini də darmadağın edib.
Ümumiyyətlə, 1990-cı illərin əvvəllərində baş vermiş Qarabağ müharibəsi dövründə təhsil müəssisələrinin bəzilərinin fəaliyyəti dayandırıldı, bəziləri isə müvəqqəti olaraq başqa bölgələrə köçürmək məcburiyyətində qaldı. Ermənistanın işğalçılıq siyasəti yeritdiyi dövrdə Qarabağda 693 məktəb, 855 uşaq bağçası dağıdılıb.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda mövcud olmuş təhsil müəssisələrinin statistikasına diqqət yetirsək görərik ki, məsələn, Şuşada işğala qədər 7 məktəbəqədər uşaq müəsssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi fəaliyyət göstərib. Hazırda ümumilikdə 22 ümumtəhsil, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Laçında işğala qədər 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər təhsil müəssisəsi, 5 musiqi məktəbi, 1 internat və 1 orta texniki peşə məktəbi fəaliyyət göstərirdi. Hazırda rayonun 5 məktəbdənkənar təhsil müəssisəsi, 11 ümumtəhsil məktəbi ölkənin 15 şəhər və rayonunda fəaliyyətini davam etdirir.
Ağdamda işğala qədər 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəbi fəaliyyət göstərib. Bu məktəblərdə 30 mindən çox şagird, 1200-dən çox digər məktəblərdə isə 1201 nəfər təhsil alırdı. 4 texnikumda 1269 nəfər oxuyurdu.
Kəlbəcər rayonunda 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə alır, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min şagird təhsil alırdı. 125 şagird yeddillik musiqi məktəbində oxuyub.
Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərib. 7 məktəbəqədər müəssisədə 272 uşaq tərbiyə alır, ümumilikdə 1280 müəllim çalışırdı.
Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonlarında vaxtilə mövcud olmuş 86 və 73 məktəbdən hazırda müvafiq olaraq 80 və 41 tədris müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 22000-dən artıq şagird və 3000-dən artıq müəllim var.
Erməni separatizmi nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti dayandırılıb, 5-i isə köçürülüb.
Bunlar arasında Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzi var. Qubadlı, Zəngilan və Ağdamın 1, 3 və 5 saylı peşə məktəbləri fəaliyyətini dayandırıb.
Qarabağdakı ən mühüm təhsil ocaqlarından biri də Xankəndi Pedaqoji İnstitutu idi. 1969-cu ildə yaradılan bu təhsil müəssisəsi 1973-cü ildə müstəqil ali məktəbə çevrilib. 2 mindən çox tələbəsi olan bu institut Qarabağın təhsil həyatında önəmli rol oynayıb.
İşğal zamanı pedaqoji kollektiv əvvəl Şuşaya, daha sonra Gəncəyə köçürülüb və sonda institutun fəaliyyəti rəsmi qərarla dayandırılıb.
17 idman və 23 yaradıcılıq profilli olmaqla ümumilikdə 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb, digərləri müvəqqəti köçürülüb.
Qarabağda təhsilin yenidən inkişaf perspektivləri
Bu gün ziyalılar da bu fikirdədir ki, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiyaya ehtiyac var. Bu strategiyada bölgədə təhsil sisteminin inkişafı həlledici rol almalıdır. Təkliflərdən biri ondan ibarətdir ki, Qarabağda pedoqoji kadrlar, inşaat mühəndisləri yetişdirəcək çoxsahəli bir universitet yaratmağa ehtiyac var.
Hətta belə bir fikir də səsləndirilir ki, müəllimlərin hazırlanması üçün dövlət sifarişinin Bakıdan Azərbaycanın bölgələrinə verilməsi doğru yanaşmadır. Bu gün Bakıda müəllim heyəti üstünlük təşkil edir, ancaq bölgələrdə müəllim çatışmazlığı var. Dövlət sifarişləri regionlara verilsə, gənc heyət yerində qalacaq. Bir Bakı sakini pulsuz olaraq pedoqoji təhsil almaq istəyirsə, o zaman bölgəyə gedib orada təhsil ala bilər.
Həmçinin bildirilir ki, pedoqoji təhsil sahəsində elmi araşdırmalara da ehtiyac var. Məsələn, Şuşa təhsil mərkəzlərindən biri olub və indi orada bakalavr səviyyəsində mütəxəssislər hazırlamaq mümkündür. Hazırda Xankəndi Dövlət Universitetinin yaradılması məqbul sayılıb.
Qarabağda təkcə ali təhsil deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq. Bu da bir faktdır ki, Qarabağdan olan professorlar, elmlər doktorları çoxdur və onlar bölgələrə köçəcəyi təqdirdə orada dərs deyəcək, elmi işlərlə məşğul olacaq.
Ümumiyyətlə, ziyalılar bu fikirdədir ki, azad edilmiş ərazilərin bərpası zamanı təhsil sektorunda bir çox işlər görülməlidir. Məsələn, məktəblər, liseylər, gimnaziyalar tikmək lazım gələcək. Bu gün paytaxtda bir neçə universitet şəhərin mərkəzində, bir-birinin yanında yerləşir, nəinki həmin ərazidə, ictimai nəqliyyatda tələbə sıxlığı müşahidə edilir.
Bölgələrdə, o cümlədən Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yaşasınlar. Həmçinin yeni təkliflərdən biri də odur ki, gələcəkdə turizm xidmətləri, tibb və s sahələrdə kadrlara ehtiyac olacaq. Şuşa öz musiqiçiləri ilə məşhurdur və ona görə də bu şəhərdə Bakı Konservatoriyasının filialı olan musiqi məktəbi açmaq olar.
Qarabağda tarixən əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etməkdən saxlamağa kömək edəcək.
Beləliklə, Qarabağda həm ayrıca universitetlər, həm də paytaxt universitetlərinin filialları, eləcə də kollec açmaq olar. Hazırda bu praktika digər bölgələrdə tətbiq olunur. Məsələn, Qubada paytaxtın Pedoqoji Universitetinin bir filialı var. Bunun sayəsində paytaxtın az da olsa yüngülləşdirilməsi mümkün olacaq. Çünki bəzi universitetlərin Bakıdan köçürülməsi çoxdan təklif edilirdi.
Bu gün təkliflərdən biri də Qarabağda ilk olaraq modul tipli orta məktəblərin salınmasıdır. Burada ali məktəblərin olması oradakı abituriyentlərin paytaxta deyil, elə Qarabağda təhsil almasına imkan yaradar.
Bu baxımdan təklif edilir ki, Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti, İqtisad Universitetinin filialını açmaq olar. Ermənilər Şuşanı işğal etdikdən sonra orada iki universitet, Şuşa Texniki Universitet və İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialını açmışdılar.
Bu gün həmçinin hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır. Hətta orada Polis Akademiyasının açılması da təklif edilir.
Ümumiyyətlə, gələcəkdə rəhbər postlara təyinat üçün mütləq şəkildə daha çox azərbaycanlı kadrların olması məqsədəuyğun sayılır.
Qarabağda təhsilin inkişafı istiqamətində bir çox addımların atılmasına ehtiyac var. Yeni təhsil müəssisələri əhalinin işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edəcək.
Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Artıq bu gün tamamilə əminliklə deyə bilərik ki, Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasında olduğu kimi həmin ərazilərin dirçəldilməsində də qətiyyətli mövqedədir. İşğal nəticəsində köçürülmüş təhsil ocaqları öz yurdlarına qayıdaraq ölkəmizin dayanıqlı inkişafının davamlılığı uğrunda parlaq gələcəyi yetişdirməyə davam edəcək.