Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd hərbi xidmət keçməyib
Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd Cuanşer Burçuladze hərbi xidmətdə olmayıb.
“Report”un yerli bürosu xəbər verir ki, o, ötən gün parlamentdə keçirilən dinləmələr zamanı bunun səbəbinə aydınlıq gətirməli olub.
C.Burçuladze məcburi hərbi xidmətdən möhlət aldığını bildirib: “Təəssüflər olsun ki, hərbi xidmət keçməmişəm. Xidmətdən yayınmamışam. Mən 17 yaşında ailə qurmuşam və övladım dünyaya gəlib. Daha sonra 20 yaşında işləməyə başlamışam”.
Gürcüstanda hərbi çağırışdan azad olmaqla bağlı əsası və ya möhləti olmayan 18 yaşdan 27 yaşadək olan kişilər məcburi hərbi xidmət keçməlidirlər.
Qeyd edək ki, 43 yaşlı C.Burçuladze bundan öncə müdafiə nazirinin müavini olub.