Zülfüqarov: “Azərbaycan hücumla bağlı çox operativ məlumat verməliydi”
"Orada qalan, tərkisilah olunmayan, hətta yerli əhalidən olan qeyri-qanuni birləşmələr də tərkisilah olunmalıdır".
Bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun bölmələrinə hücumundan danışarkən deyib. Onun sözlərinə görə, silahlı insanlar orada qaldıqca problemlər yenə də yaşana bilər: "Azərbaycan tərəfi şəhid verib, xoşagəlməz bir hadisədir. Amma digər tərəfdən hesab edirəm bu bir mövzunu daha da aktuallaşdırır. Sülhməramlılar və müşahidəçilər missiyası daha aktiv şəkildə Ermənistanın orada qalmış hərbiçilərini çıxartmaq üçün işlər aparılmalıdır. Bu regionda təhlükəsizliyi təkcə sülhməramlılarla Azərbaycan ordusu təmin edə bilər. Prosesə zidd olan qüvvələr oradan çıxarılmalıdır. Hesab edirəm ki, monitorinq missiyasının fəallaşması və texniki üslübların istifadə olunması birmənalı imkan verəcək ki, bu silahlıların toplaşan və cəmləşən yerlərini müəyyən edib onları zərərsizləşdirmək daha tez osun".
Sabiq nazir qeyd edib ki, erməni silahlılarının ölkədən çıxarılması işində rusların əksinə hərəkət etməsi ilə bağlı məlumatsızdır: "Bildiyimə görə, Laçın deyilən nəzarət nöqtəsində silah və partlayıcı maddələr olmasın deyə maşınlar yoxlanılır. Yəni, silahın bu bölgəyə gətirilməsinə məhdudiyyət qoyulub. İndisə yuxarıda dediyim məsələ aktualdır. Yəni, orada qeyri-qanuni silahlıları yığıb yaraqlıları tərkisilah eləmək lazımdır”.
Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan tərəfi olanlarla bağlı çox operativ şəkildə məlumat verməliydi: "Orada olan vəziyyət təbii ki, Azərbaycan içtimaiyyəti üçün maraqlıdır. Əslində çox vacib bir məsələdir. Əsgərlərimiz ordadır. Vaxtı-vaxtında onların barəsində məlumat verilməsi çox vacibdir. Tərksilah prosesi gedirsə, onun haqqında daha çox məlumat verilməlidir. Hesab edirəm ki, nəzarət missiyası Ağdamda fəaliyyətinə başlayandan sonra oranın bir sözçüsü olmalıdır ki, bu prosesləri geniş şəkildə ictimaiyyətə çatdırsınlar".
Qeyd edək ki, dekabrın 27-də saat 15.30-da Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.(Qaynarinfo)