Tofiq Zülfüqarov Qarabağ müqaviləsinin detallarını izah etdi
"Hesab edirəm ki, indi aparılan danışıqlar Azərbaycanın xeyrinə olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O, hazırda imzalanan bəyanatın birtərəfli olduğunu qeyd edib: "Orada göstərilən məsələlər bundan sonra qəbul olunacaq sənəddə tam şəkildə açıqlanacaq. Sənəddə göstərilən məsələlər iki yerə bölünür. Biri, hərbi-texniki məsələlər, ikincisi də siyasi... Bəyanatda status haqqında heç nə yoxdur. Bu baxımdan həmin sənədə müvəqqəti sənəd kimi baxmaq olar. Çünki orada göstərilən bəndlər gələcəkdə bağlanacaq sənədin tezisləridir. Ona görə məsələyə bu mövqedən yanaşmalıyıq".
Tofiq Zülfüqarov bildirib ki, nəticənin necə olacağını zaman göstərəcək: "Hərbi əməliyyatlar dövrü olub, atəşkəs rejimi tətbiq olunub və bildiyimiz kimi, 30 ildir danışıqlar gedir. Amma onlar nəticə vermədi. Bundan sonra yenə hərbi əməliyyatlar dövrü qalır. İndi bu sənəddə ən vacib məqam ondan ibarətdir ki, hərbi əməliyyatların dövrünə son qoyur və siyasi proseslərin başlanğıcına işarə edir. İndi bizə gözləmək qalır. Nəticə necə olacaq, onu zaman deyəcək".
Tofiq Zülfüqarovun fikrincə, Ermənistanda vəziyyət mürəkkəbdir: "Ermənistanda bunu qəbul etmək istəmirlər. Bu bizim ümumi mübarizəmizin hansısa mərhələsidir. Bu sənədə görə, gələcək məsələlərə aid əsaslı yekun bir nəticəyə gəlmək olmaz. Mənə də suallar verirlər: "Bayrağımız harada olacaq", "kimin pasportu necə olacaq" və s. İmzalanan sənədlə bağlı bu suallara cavab vermək hələ tezdir. Gəlin, siyasi mərhələni gözləyək".