Alan Uper Fransa Senatının prezidentinı erməni yalanlarına aldanmamağa çağırıb
"Fransa Dağlıq Qarabağ münaqişəsi məsələsində erməni diasporunun təsirinə düşməməlidir və neytral mövqeyini bundan sonra da qoruyub saxlamalıdır".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Fransa Senatında Fransa-Qafqaz parlamentlərarası dostluq qrupunun prezidenti, senator Alən Uper (Alain Houpert) ölkə senatının prezidentinə müraciətində bildirib.
O, məktubunda ali qurumun rəhbərini Fransanın Ermənistanın tərəfini saxlayacağı təqdirdə onun beynəlxalq aləmdəki nüfuzunun düşəcəyi barədə xəbərdar edir: "Sentyabrın 27-dən etibarən 30 ilə yaxındır Qafqazın son dərəcə münaqişəli bir bölgəsi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonda Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında döyüşlər davam edir. Bu gün ölkəmizdə Fransanın bu münaqişədə Ermənistanın tərəfini tutmaq çağırışları eşidilir. Bu cür təşəbbüslər Fransadakı böyük erməni diasporunun göstərdiyi təzyiqlərin nəticəsidir. Onların çağırışına əməl edəriksə, dövlətimizin dünyadakı nüfuzuna və ən ali maraqlarına ciddi zərər vurmuş olarıq".
Məktubda bildirilib ki, ATƏT-in Minsk Qrupunun üzvü kimi Fransa beynəlxalq hüququn tələblərinə riayət etməkdə davam etməlidir: "Fransa həmsədr ölkədir və iki dost xalq arasında gedən bu müharibədə hansısa ölkənin tərəfini tuta bilməz. Əksinə, Fransa döyüşən tərəfləri yenidən müzakirələr masasına qaytarmaq üçün beynəlxalq səviyyədəki rolunu qorumalı və qərəzsiz qalmalıdır. Bundan sonra səsinin dünyada eşidilə bilməsi üçün ölkəmiz dörd dəfə erməni qoşunlarının tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsini tələb edən (BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələri) BMT Təhlükəsizlik Şurası çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə ciddi şəkildə riayət etməlidir. Fransa Dağlıq Qarabağ və ona qonşu rayonlar üzərində Azərbaycanın suverenliyini qeyd-şərtsiz şəkildə təsbit edən beynəlxalq hüquq normalarına çox ciddi yanaşmalıdır. Dövlətlərin ərazi bütövlüyünə hörmət Fransa diplomatiyasının təməl daşıdır. Buna xələl gətirmək bizə çox böyük zərər vura və beynəlxalq səviyyədə onilliklər ərzində qazandığımız uğurları puça çıxarda bilər".
A.Uper Senat prezidentini Fransada Dağlıq Qarabağ böhranına din və sivilizasiya kimi məsələləri qatmağa çalışanların olması barədə də xəbərdar edib: "Hansı dinin adı ilə sıx məskunlaşmış şəhərlərin yaşayış məntəqələrinə ballistik raketlərin atılmasına haqq qazandırmaq olar? Son günlər ailənin bütün üzvlərinin və uşaqların həlak olduğu Gəncə şəhəri də daxil olmaqla Azərbaycanın şəhərlərinə raket zərbələri endirilir. Bu müharibə dini deyil, qətiliklə torpaq üzərində gedən müharibədir. Fransa həmsədr ölkə kimi Fransa, ABŞ və Rusiya ilə yanaşı, bu münaqişədə vasitəçilik edən üç dövlətdən biridir. Beləliklə, hər şeydən əvvəl biz icmalardan gələn çağırışlara uymamalıyıq".
Senator vurğulayıb ki, Azərbaycan dünyəvi dəyərlərə hörmət edən ölkədir: "Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin bu ölkə nümunəvi dünyəvi dəyərlərə malikdir və üç dinin sülh və əmin-amanlıq şəraitində yaşamasına zəmanət verir. Fransa tarixi məsuliyyətini üzərinə götürərək ədalətli və davamlı sülhün bərqərar olması üçün obyektiv vasitəçi kimi çıxış etməlidir. O, beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və etnik və dini mənşəyindən asılı olmayaraq, yerli əhaliyə hörmət etməklə sülh müqaviləsinin bağlanmasına kömək etmək üçün müdaxilə etməlidir. Orta Şərq kimi Qafqaz regionu da kövrək və qeyri-sabit bir regiondur və Monteskyu “Fars Məktubları” əsərində ediyi kimi titrək bir əllə ona yaxınlaşmağımız gərəkdir".