Zaqatala üsyanından 100 il ötür
Bu gün Azərbaycanın sovet işğalına etiraz olaraq Zaqatalada baş verən xalq üsyanından 100 il ötür.
AFN xəbər verir ki, üsyan 1920-ci il iyunun 6-da Zaqatala dairəsində başlayıb.
Üsyanda xalq kütlələri ilə bərabər, azsaylı qoşun dəstələri də iştirak edirdi.
Zaqatala üsyanının rəhbəri, Tala kəndinin imamı Hafiz əfəndi idi. İlk günlərdə üsyançıların sayı 1000 nəfərə çatırdı.
Cümhuriyyət ordusunun Zaqatalada yerləşən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da üsyançıların tərəfinə keçdi. 1920-ci il iyunun 9-da, səhər saat 6-da bölgədəki üsyançı qüvvələr Zaqatalaya toplaşdılar. Şəhər qalası və teleqraf dərhal ələ keçirildi.
İnqilab Komitəsi üzvlərinin və sovet işçilərinin həbsi barədə qərar verildi. Gürcüstanla sərhəddə yerləşən keçmiş Cümhuriyyət taborunun üsyançılara qoşulması onların gücünü daha da artırdı.
Qısa müddətdən sonra Qax da sovet qüvvələrindən azad edildi. 11-ci Qırmızı ordunun bölgədə yerləşdirilmiş 7-ci süvari diviziyasının 37, 39 və 40-cı süvari alayları 1920-ci il iyunun 10-da Əlibəyli, Yuxarı Muxax kəndləri yaxınlığındakı yüksəklikdə, Qaraman və s. məntəqələr ətrafında döyüşlərdə üsyançı qüvvələrin müqavimətini qıra bilməyib böyük itkilər verdi.
İyunun 11-də üsyançılar 39-cu süvari alayının Əmbərçay ətrafındakı zastavalarını da geri çəkilməyə məcbur etdilər. İyunun 13-də strateji əhəmiyyətli Baş Göynük kəndi də üsyan qaldırdı və kənd qırmızı qüvvələrdən təmizləndi.
Bölgədə hərbi təşəbbüs bütünlüklə üsyançı qüvvələrin əlinə keçdi və onlarını döyüş fəallığı nəticəsində 11-ci Qırmızı ordunun 7-ci süvari diviziyasının vəziyyəti xeyli mürəkkəbləşdi. Bu diviziyanı tamamilə məhv olmaqdan xilas etmək üçün bölgəyə 58-ci piyada briqadası, 27-ci zirehli dəstə və kommunistlərdən təşkil edilmiş dəstədən ibarət əlavə qüvvələr göndərildi.
Zaqatala-Şəki şose yolu, həmçinin digər strateji məntəqələri yenidən ələ keçirən sovet qoşunları iyunun 18-də Zaqatalaya yenidən daxil olmağa müvəffəq olub.
Üsyan çətinliklə yatırıldı və xalqa divan tutuldu.
Üsyanın başçısı Hafiz Əfəndi və sağ qalan digər üsyançılar Gürcüstana sığınıb.
Bu üsyan eyni ildə olan Gəncə və Qarabağ üsyanlarından yerli xarakter daşıması ilə fərqlənir. Belə ki, bu üsyanı başladanlar öncə xalq olub, daha sonra isə bu prosesə cümhuriyyət hərbçiləri də qoşulub.