Həftəsonu iki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ




Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa, vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. Bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, qeyd edilən rayon və şəhərlərdə şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yeri və olduğu yeri tərk etmək qadağan olunacaq: “Bu tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejiminə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər.

Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları həftənin iki günü evdə olmağa, küçəyə çıxmamağa çağırırıq. Çünki bizim məqsədimiz vətəndaşları cərimələmək deyil, onların sağlamlığının qorunması üçün atılan addımdır. Buna görə də inanırıq ki, vətəndaşlarımız bu tələbləri anlayışla qarşılayıb cəmi iki gün evdə qalacaqlar”.

E.Zahidov əlavə edib ki, vətəndaşlar qeyd olunan iki gün ərzində zibil atmağa da gedə bilməzlər: “Buna icazə verilmir. Nazirlər Kabineti yanında operativ qərargah bu iki gün ərzində evdən çıxmaq üçün iki hal müəyyən edib. Birincisi, vətəndaşın həyatı üçün real təhlükə yaradarsa, onda evi tərk edə bilər. İkincisi, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxs Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzinə, yaxud 012 590 80 20 Qaynar xəttinə müraciət edib məlumat verəcək.

Qısa müddət ərzində həmin şəxsin müraciəti araşdırılacaq. Verilən məlumat həqiqətə uyğun olarsa, onun evdən çıxmasına, dəfndə iştirakına icazə veriləcək. Bu barədə həmin şəxsə və onun getdiyi istiqamətdə xidmət aparan polis əməkdaşlarına məlumat veriləcək. Həmçinin, bu barədə polislərin istifadəsində olan planşetlərə qeyd göndəriləcək. Yalnız bu iki halda evdən çıxmağa icazə verilir. Vətəndaşlar digər hallarda evdə oturub istirahət etməlidir. Həftənin birinci günündən etibarən isə vətəndaşlar qoruyucu maskalardan istifadə edərək sərbəst işə gedib-gələ biləcəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu