1994-cü ildən bəri həbs olunmuş icra başçıları - SİYAHI




Son 5 ayda ərzində 5 rayonun - Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişlinin icra başçısı həbs olunub. Lakin bunlar ölkə tarixində heç də qeyri-qanuni əməllərinə görə vəzifələrindən anormal şəkildə yola salınan ilk başçılar deyil.



Qaynarinfo müstəqil Azərbaycan Respublikası qurulduqdan bəri həbs olunan icra başçılarının vaxtaşırı mətbuatda açıqlanan və yenilənmiş sihayısını təqdim edir:

1. Rafiq Alışov - 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub. Onun barəsində dəfələrlə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd) maddələri üzrə ittiham qaldırılıb və 2016-cı il aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.




2. Süleyman Rəşidov - 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra axtarışa verilib. 2009-cu ilin sentyabrında həbs olunan S.Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilib. O, icra başçısı olmamışdan qabaq təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib. Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. 2010-cu ilin fevralın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidova hökm oxunub. Hökmə əsasən, S.Rəşidov dörd il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

3. Nizaməddin Quliyev - Ağstafanın keçmiş icra başçısı. 2009-2019-cu illərdə Goranboyun icra başçısı işləmiş N.Quliyev 2019-cu ilin aprelin 5-də Ağstafaya təyinat alıb. Lakin 2019-cu il dekabrın 19-da Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb. İşlədiyi müddətdə müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda günahlandırılır.



4. Qoca Səmədov - Yevlaxın sabiq başçısı. 2011-ci ildə vəzifəyə təyin olunub və 2019-cu ilin 19 noyabrında Nizaməddin Quliyevlə bir gündə saxlanılıb. Ona da həmkarı kimi Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Hər iki başçı barəsində dekabrın 20-də Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



5. İsmayıl Vəliyev - 2011-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu ilin fevralın 20-də xidməti otağında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyev 2005-2011-ci illərdə Qobustanın icra başçısı vəzifəsində çalışıb.



6. Mahir Quliyev - Biləsuvarın sabiq icra başçısı. Bu il aprelin 30-da DTX-nın keçirdiyi xüsusi əməliyyatla saxlanılıb. "Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "təkrar rüşvət alma", "mənimsəmə faktlarına görə" maddələri ilə ittiham olunub. "Əməllərini" etiraf edərək, "bundan utandığını" deyib. Qeyd edək ki, Mahir Quliyev də 2 rayona rəhbərlik etmiş başçılardandır. O, 2006-2016-cı illərdə isə Astaranın icra başçısı vəzifəsində çalışıb.



7. Vilyam Hacıyev - 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux və 2012-ci ildən 2020-ci ilin 6 mayına qədər İmişlinin icra başçısı olub. Mayın 5-də xidməti otağında saxlanılıb. İstintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib. Apaılan axtarış zamanı külli miqdarda xarici valyuta aşkar edilərək götürülüb.



Növbəti "talesiz”in kim olacağı maraqla gözlənilir...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu