Ölümdə həkim səhlənkarlığı varsa, bu cəza tədbirləri seçilir - RƏSMİ
“Əgər tibb müəssisələrində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür”.
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Z.Əliyevin sözlərinə görə, ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxanın səlahiyyəti ondan ibarətdir ki, həmin tibb işçisinə töhmət versin:
“Bu həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırıla bilər.
Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komisiyyaları məsələyə müdaxilə edir. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir.
Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Nəticədən asılı olaraq, tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə məsuliyyətinə cəlb olunur. Agentliyin işi isə bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir”.
Agentlik sədri onu da qeyd edib ki, ölüm faktında həkim və tibbi personalın günahı sübuta yetirildiyi təqdirdə, onlar tutduqları vəzifədən kənarlaşdırılırlar.