Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi
Azərbaycanın Macarıstandakı səfiri, keçmiş xarici işlər naziri, ədəbiyyatşünas alim Vilayət Quliyev keçmiş rabitə naziri Nadir Əhmədovu oğurluqda ittiham edib. V.Quliyev bu haqda sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, müəllifi olduğu məqalə hazırda "Google" axtarış sistemində N.Əhmədovun yazısı kimi təqdim olunur.
"Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, əski ulaşdırma bakanımız Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunan "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib. İndi "Google"da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri" kimi təqdim olunur",-Vilayət Quliyev bildirir.
V.Quliyev həmin məqaləsini daha bir şəxsin müəllif yazısı kimi təqdim etdiyini söyləyib: "Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşlarının əslən şəkili olduqları üçün yəqin Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş "qocaman ədib" heç olmazsa, köhnə şəkili kimi Vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə etsəydi, yenə də dərd yarı idi. Görünür, "Oğrudan oğruya halaldır" prinsipi ilə hərəkət edən Ülviyyə Tahir qızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən "Xalq cəbhəsi" qəzetində öz araşdırması kimi çap etdirib (bax: "Türk ordusunun azərbaycanlı generalları", "Xalq cəbhəsi qəzeti", 25 aprel 2014-cü il, www.xalqcebhesi.az.news.accident). Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu "müəlliflərə" təşəkkür etməkdir".
Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın Xarici İşlər naziri, 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışıb. Hazırda Azərbaycanın Macarıstandakı səfiridir. Nadir Əhmədov 1997-2004-cü illərdə Azərbaycanın Rabitə naziri olub.