Bakıda İİV/QİÇS-ə kütləvi müayinə kampaniyası başlayıb - FOTOLAR
Bu günlər Bakının iri ticarət mərkəzlərində və beynəlxalq avtovağzalda könüllü və pulsuz İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) test müayinəsi aparılır. Müayinə və marifləndirmə yönümlü tədbirlər Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən "Avropa İİV-ə testləşmə həftəsi (European Testing Week 2019) çərçivəsində keçirilir.
Mərkəzdən AFN-ə verilən məlumata görə, noyabrın 29-dək davam edəcək kampaniyada hər bir şəxs üçün anonim, könüllü və pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradılır, bu infeksiyaya yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat verilir. Bununla yanaşı, "Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində aksiyalarda İİV barədə broşurlar, bukletlər, plakatlar, qoruyucular paylanılır. Aksiya zamanı testdən keçən hər bir şəxs virusa yoluxub yoluxmaması 10 dəqiqə ərzində ekspres-test üsulu ilə müəyyən olunur.
Qeyd etmək lazımdır ki, müayinə tədbirləri barədə KİV-lərlə yanaşı, mobil operator "Bakcell" öz abunəçilərini SMS vasitəsi ilə də məlumatlandırmışdı. Növbəti İİV-ə test aksiyası "Park Bulvar" TM-də (27 noyabr) və "Metropark" TM-də (28-29 noyabr) saat 12-dən saat 15-ə qədər keçiriləcək. Ötən günlərdə Bakı Avtovağzalında və "28 Mall" TM-də yüzlərlə vətəndaşımız İİV-ə test müayinəsındən keçib.
Bu kampaniya "HIV in Europe”, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların birgə təşəbbüsüdür. Bu günlərdə ÜST-nin Avropa zonasındakı bütün ölkələrdə kütləvi marifləndirmə və İİV-ə testləşmə aksiyaları keçirilir. ÜST-nin hesablamalarına görə, Avropa regionunda 2,5 milyona yaxın insan İİV-ə yoluxub. Aksiyanın keçirilməsində məqsəd Avropa regionunda daha çox insanın İİV-infeksiyası ilə bağlı öz statusunun öyrənməsi və bu infeksiyanın gec qoyulmuş diaqnoz problemi azaltmaqdır. Strateji planda Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV-infeksiyası epidemiyasına son qoymaqdır.
İİV-ə test kampaniyasının keçirilmə təşəbbüs 2013-cü ildə yaranıb və Avropada geniş bəyənilmiş hadisəyə çevrilib. Hazırda bu kampaniyada hər il İİV/QİÇS-lə mübarizə üzrə 54 ölkədən 850 milli dövlət və qeyri-hökumət təşkilatı iştirak edir. 2018-ci ildən etibarən İİV üzrə testləşmə kampaniyası ildə iki dəfə keçirilməyə başlayıb: may ayında - QİÇS-dən dünyasını dəyişən insanların ümumdünya xatirə günündə və 1 dekabr - QİÇS-lə Ümumdünya Mübarizə Günündə. Azərbaycan bu təşəbbüsün elan edildiyi 2013-cü ildən panavropa kampaniyasında iştirak edir. Bu illər ərzində Bakı və reqionlarda keçirilən tədbirlərdə on minlərlə vətəndaşımız İİV-infeksiyasına könüllü müayinədən keçib.
Xatırladaq ki, Azərbaycanda İİV-infeksiyası ilk dəfə aşkar olunandan 1987-ci ildən 2019-cu ilin ilk 6 ayına qədər 6502 İİV-lə yaşayan şəxs QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınıb. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin isə 1076 nəfər olub.