Dönər belədirsə, yeməyin! - BİLMƏDİKLƏRİMİZ
Türk mətbəxinin ləzzətli təamlarından olan dönər ölkəmizdə də kifayət qədər istehlak edilir. Spesfik dadı ilə uşaq və gənclərin sevimli qidalarından birinə çevrilib. Xüsusən də tələbə həyatını dönərsiz təsəvvür etmək çətindir. Qiyməti də münasib olduğundan nahar üçün ən uyğun seçimdir: dadlı və sərfəli! Bircə qalır keyfiyyətini araşdırmaq. Bu vəzifəni də biz öhdəmizə götürərək, dönərsevərlər üçün faydalı bir yazı hazırladıq.
AFN-in məlumatına görə, dönəri ləzzətli və keyfiyyətli edən tək sağlam ətdən hazırlanması deyil. Həm də düzgün bişirilmə qaydası, gigeyena və başqa vacib məqamlardır.
Siyahıya ilk şərtlərdən biri olan təmizliklə başlayaq. Könlünüzdən dönər keçirsə, şişdə xına kimi qızaran ətə deyil, öncə bişirildiyi yerə diqqət edin. Görün, masa, istifadə olunan qab-qacaq, döşəmə təmizdirmi? Tozlu yerdə bişirilmir ki? Ustanın üst-başı, əlləri çirkli deyil? Əgər bu suallara cavabınız müsbətdirsə, keçək ikinci qeydə.
Çalışın dönəri çox müştərisi olan obyektdən alın. Belə yerdə satış tez-tez olduğu üçün qızaran ət uzun müddət şişdə qalmır, köhnəlmir. Hərdən bu günün dönərini sabah yenə isidib müştəriyə sırıyan ustalar da var. İkinci şərtə əməl etsəniz, ən azı köhnə dönər yeməkdən xilas ola bilərsiniz.
Növbəti vacib məqam ətin təzə olmasıdır. Bəzən usta köhnə ətin qoxusunu gizlətmək üçün tünd ədviyyatlardan istifadə edir. Odur ki, çalışın ya ədviyyatsız, ya da çox az ədviyyatlı dönər alın. Ətin köhnəliyini şişdəki çiy ətin rəngindən və qoxusundan da anlamaq olar. Unutmayın ki, köhnə ət zəhərlənmə də verə bilər.
Həmçinin dönərin bişirilmə qaydası çox önəmlidir. Nə çox qızarmalı, nə də çiy qalmalıdır. Hər iki halda sağlamlıq üçün zərərlidir. Araşdırmalara görə, çox bişən ətdə həm konseragen maddə yaranır, həm də tərkibindəki vitaminlər parçalanır. Çiy qalanda isə bakteriyalar məhv olmur, insanda mədə-bağırsaq xəstəlikləri törədir. Həm də çiy ət gec həzm edilir və ishal yaradır.
Dönərlə bağlı qeyd etdiyimiz bütün şərtlərə əməl etsəniz, həm qarnınız doyacaq, həm də sağlamlığınız zərər çəkməyəcək.
Könül CƏFƏRLİ