Hələ indiyə qədər məndən ziyan görən uşaq olmayıb - çöpçü Lalə




Cəmiyyətimizdə çöpçülüklə bağlı ortaq fikir yoxdur. Hətta kifayət qədər mübahisəli olduğunu deyə bilərik. Kimi çöpçünün faydalı olduğunu düşünür, kimi isə etimad göstərmir. Pediatrların da münasibəti fərqlidir. Həkimlərin çoxu valideynləri bu üsuldan çəkindirsə də, pasientini çöpçüyə göndərənlər də var.



Çöpçüyə müraciət edənlərin də qənaəti eyni deyil. Qızını ildə 2-3 dəfə çöpçü yanına aparan Rahilə Əliyeva övladının bu yolla sağaldığını söyləyir: "Uşağı əvvəl həkimə apardım, xeyli dərman yazdı. Bir həftə antibiotik vurdum, amma qızdırması düşmədi. Boğazında nəsə qaldığından şübhələnib çöpçüyə apardıq. Qızımın burnundan üfürəndə ovcuna alma qabığının çox kiçik parçası düşdü. Həqiqətən də xəstələnməzdən əvvəl meyvə vermişdim. Evə gətirən kimi temperaturu düşdü".

R.Əliyeva ilə həmfikir olmayan, hətta çöpçünün ovcunda əvvəlcədən qida qırıntısını saxladığını görən valideynlər də var.

Həkimlərin əksəriyyəti çöpçülüyə qarşıdır. Pediatr İradə Məhərrəmova AFN-ə açıqlamasında bildirib ki, boğazda yad cisim qalıbsa, çarəni çöpçüdə axtarmaq doğru deyil: "Bunun üçün burun-boğaz həkimləri var. Sağlamlıq üçün müdaxilə yalnız həkim tərəfindən və steril şəraitdə edilməlidir. Bəzən elə çöpçünün özü uşağı virus mənşəli xəstəliklərə yoluxdurur. Mən heç bir pasientimə çöpçü tövsiyə etmirəm".

İndi isə bu qədər mübahisəli "sənət"lə bağlı elə çöpçünün özünü dinləyək. Bu işdə 20 illik təcrübəsi olan çöpçü Lalə AFN-ə gördüyü işin faydalarından danışdı: "Hələ indiyə qədər məndən ziyan görən uşaq olmayıb. Heç kimə nə xəstəlik salmışam, nə də zərər vermişəm. Uşağı qızdırmalı halda yanıma gətiriblər, bircə dəfə burnuna üfürməklə sağaltmışam. Evə çatana qədər temperaturu düşüb".

Lalə xanımın dediyinə görə, uşağın burnuna üfürmədən öncə, əli ilə boğazını müayinə edir: "Əvvəl yoxlayıram. Əgər çöp hiss etsəm, o zaman üfürürəm. Yoxdursa, anaya deyirəm ki, mən kömək edə bilməyəcəyəm. Onu da deyim ki, mənə müraciət edəndə, birinci həkimə göstərməyi məsləhət görürəm. Əvvəl pediatr müayinə edir, sonra mən baxıram. Düzdür, indi həkimlərin çoxu bizi pisləyir. Amma hərdən də elə pediatrın özü xəstəni bizə yönəldir. Anaya deyir ki, çöpçüyə göstər".

Müsahibimiz çöpçülərin fırıldaq əməllərinə də münasibət bildirdi: "Bəlkə də kimsə aldadır, çöpü əlində saxlayıb anaya yalan danışır, amma mən belə işlərdən uzağam. Ad çəkməyəcəyəm, neçə tanınmış meyxanaçı, müğənninin balasına kömək etmişəm. Bilirsiniz, çöp elə məsələdir ki, bir dəfə boğazda qaldısa, özünə yer edir. Növbəti dəfə elə həmin yerə yenə qida qalığı düşür. Ən çox meyvə, kolbasa, çörək qırıntıları çıxarıram".

Çöpçü boğazdan yad cismi 5 manata çıxarır, daha doğrusu bir dəfə üfürməyə bu məbləği alır. Fotosunu çəkmək istəsək də, razılaşmadı. Müştərisinin çox olduğunu, reklama ehtiyac duymadığını dedi.

Bax belə, sonda qərar oxucuya qalır. Biz hər iki tərəfin də açıqlamasını yazdıq. Həkimlərin tənqidinə baxmayaraq, yenə də yolunuzu çöpçüyə salacaqsınızsa, heç olmasa bir dəfə də burun-boğaz həkiminə müraciət etməyinizdə fayda var.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu