Evdə saxladığımız zəhərli bitkilər - FOTOLAR




Sadalayacağımız bitkilərin zəhərli olduğuna inana bilməyəcəksiniz. Ev və parklarda tez-tez rast gəldiyimiz halda, insan sağlamlığı üçün çox təhlükəli olduqlarından çoxumuz xəbərsizik. Bu bitkilərin zəhərlənməsindən hətta ölüm faktı da qeydə alınıb. AFN həmin zərərli çiçəkləri araşdıraraq, ən zəhərli dekorativ bitkilərin siyahısını tərtib edib:





1. İlk yerdə difenbahyadır. İri, yaşıl yarpaqları ilə gözoxşayan bu bitkiyə çox evdə, ofisdə rast gələ bilərsiniz. Qiyməti də ucuz deyil. Çiçək mağazalarında kiçik boylu difenbahya 30-40 manata satılır. Gövdəsi uzandıqca, dəyəri də artır. İlk baxışdan çox zərərsiz görünən bu bitki səs tellərinin iflicinə, anaflaktik şoka, hətta ölümə də səbəb ola bilər. Əsas zəhəri yarpağının və gövdəsinin suyunda toplanır. Odur ki, əkildiyi və qulluq edildiyi zaman əlcəkdən istifadə olunması məsləhət görülür. Zəhəri uzun müddət qaldığı zaman dərini yandırır. Əgər bitkinin suyu əlinizə təmas edibsə, vaxt itirmədən bol su ilə yuyun.

Ehtiyatsızlıqdan yarpağını çeynəmək və udmaq da çox təhlükəlidir. Bu hal iflic, hətta ölümlə də nəticələnə bilər. Odur ki, evdə uşaq varsa, difenbahya saxlamağınız tövsiyyə olunmur.

Onu da qeyd edək ki, bu bitki tamam zərərli deyil, faydalı tərəfləri də var. Özündən ozon buraxır və havadakı tozu, zərərli maddələri udur.

Əgər difenbahyanı çox sevir, zəhərinə baxmayaraq, vaz keçmək istəmirsinizsə, uşaqların əli çatmayan yerdə saxlayın. Belə olanda halda, həm zərərindən qorunar, həm də faydasını görərsiniz.



2. İkinci yerə çoxunuzun sevdiyi nərgizgülünü yazdıq. Ətri, gözəlliyi ilə insanı valeh edən bu bitki də zəhərlidir. Zərərli maddə çiçəyində, yarpağında, gövdəsində, daha çox da soğanağında aşkar edilib. Bitkinin hər hansı hissəsi yeyildiyi zaman zəhərlənmə baş verə bilər. Lakin indiyədək ölüm hadisəsi qeydə alınmayıb.



3. Qaraçöhrə muncuğa bənzəyən qırmızı meyvələri ilə sevilən, bağ və parklarda ən çox əkilən dekorativ bitkilərdən biridir. Ona iri ofis binalarında da rast gəlmək olar. Bəlkə sizin evinizdə də var. Əgər hələ də bəsləyib, daha da çoxaltmağı düşünürsünüzsə, bu məlumatı oxumağınız faydalıdır. Qaraçöhrənin meyvələrində olduqca zərərli kimyəvi maddə var. Yeyildiyi zaman əl-ayaq iflic olur. Qaraçöhrədən zəhərlənmə ölümlə də nəticələnib. Odur ki, uşaqları bu bitkidən uzaq saxlamaq məsləhətdir.



4. Siyahıya gözəlliyi ilə heyran edən oleandrın adını da daxil etməli olduq. Təəssüf ki, bu bitkidə də insan orqanizmi üçün təhlükəli olan kimyəvi maddə var. Çiçəkləri ilə çevrəyə gözəllik bəxş edən oleandrın yarpaqları zəhərlidir. Qəti şəkildə çeynəmək, udmaq olmaz. Zəhərlənmə daha çox ürək ritminin pozulması ilə müşayiət olunur.



5. Bu qırmızı yarpaqlı və çiçəkli bitkini də yəqin tanıdınız. Çox yerdə əkilir. Ricinus communis adı ilə tanınan bitki gözəl görünüşü ilə çox insanın ürəyini fəth edir. Yarpaqları iri, meyvələri tikana bənzəyir. Dekorativ olmaqla yanaşı, sənayedə də istifadə olunur, ondan "gənəgərçək" yağı hazırlanır.

Məlumat üçün bildirək ki, ricinus communisin tərkibində risin adlı zəhər var. Bu maddə bitkinin hər hissəsində, ən çox da toxumunda mövcuddur. Toxumu udulduğu zaman insanı 2 günə öldürə bilər. Zəhərlənmənin ilk əlamətləri bir neçə saata üzə çıxır, boğazda yanma hissi, qusma ilə müşayiət edilir. Sonrakı mərhələdə həzm sistemi tamam zədələnir və xəstənin həyatını xilas etmək olmur.



6. Bəs daşsarmaşığının da zəhərli olduğunu bilirdinizmi? Yaşıllığı və bəzəkli yarpaqları ilə daha çox bina divarları və hasarların bəzəndilməsi üçün əkilir. Payızda çiçəkləyən sarmağışın meyvəsi, yarpağının və gövdəsinin suyu zəhərlidir.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu