Arıqlama çaylarının bir çoxu orqanizmə zərərlidir - dietoloq




Arıqlamaq vasitələrindən biri də dietik çaylardı. Artıq çəkidən azad olmaq üçün ən asan üsul olduğundan bu yola əl atanların sayı ildən-ilə artır. İstifadəçilər arasında fayda gördüyünü deyənlər də var, heç bir nəticə əldə etmədiyini söyləyənlər də. Hətta bu vasitədən ciddi zərər gördüyünü, səhhətində problemlər yarandığını iddia edənlər də var. Onu da bildirək ki, dietik çayların təsirindən hətta ölüm faktları da qeydə alınıb. Yəni bitki tərkibli olsa da, təhlükəsiz deyil.

Arıqlama çaylarını mağaza və apteklərdən reseptsiz əldə etmək mümkündür. Qiyməti də fərqlidir: 2 manatdan 200 manatadək.

Maraqlıdır, bu qədər çox istehlak edilən çayların insan oqranizminə nə kimi təsiri var? Daha çox faydalı, yoxsa zərərlidir? Yaxud da tərkibini öyrənib, eyni bitkilərdən ev şəraitində də çay hazırlamaq olarmı?
Sualları ekspertlə müzakirə etməzdən əvvəl bir vacib məqamı qeyd edək. Artıq çəkidən əziyyət çəkmək bir xəstəlikdir. Bundan xilas olmaq üçün həyat tərzini dəyişmək, düzgün qidalanmaq və daha çox hərəkət etmək lazımdır. Sağlamlıq üçün tərdicən və az-az çəki itirmək tövsiyə olunur. Çünki sürətlə arıqlamaq orqanizmin balansını pozur. Bu isə depressiya, sinir sisteminin və yuxu rejiminin pozulması, görmə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Hətta böyrək çatışmazlığı, infarkt kimi ağır xəstəliklərə də səbəb ola bilər.

Mövzu ilə bağlı dietoloq Fuad Məcidov AFN-ə açıqlamasında bildirib ki, satışda olan bəzi çayların insan orqanizminə çox ciddi zərəri var: “Mən dietik adı ilə satılanların deyil, normal bitki tərkibli çayların tərəfdarıyam. Əgər dietik adı ilə satılan çayların tərkibi təmiz və kimyəvi maddəsizdirsə, o zaman insanlar rahatlıqla istifadə edə bilər. Təəssüf ki, bir çoxunun tərkibində sibutramin adlı çox zərərli maddə var. Odur ki, belə çayı alarkən tərkibini mütləq oxumaq lazımdır. Bu maddənin adını görsəniz, qəti şəkildə almayın. Sirr deyil ki, arıqlamaq üçün satılan vasitələr böyük bir biznesə xidmət edir. Çəki atmaq üçün sibutramin tərkibli həblər də istehsal olunur. Bunlar insan sağlamlığı üçün olduqca zərərli dərmanlardı. Həmin tabletlərin satışı qadağan olunduğu üçün son illər o maddəni çay paketlərinin tərkibinə əlavə edirlər. Bu səbəbdən mən satışda olan dietik çayları tövsiyə etmirəm”.
Dietoloqun sözlərinə görə, çaylar hər orqanizmə uyğun tərkibdə və miqdarda hazırlanmalıdır. Bunun həkim nəzarətində qəbul edilməsi məsləhət görülür. Digər tərəfdən yalnız dietik çay içməklə də arıqlamaq mümkün deyil. Paralel olan qidalanma və həyat tərzinə də diqqət edilməlidir. Məsələn, çay içib, yenə də kalorili qidalar yeyirsinizsə, çəkinizin azalacağını gözləməyin. F.Məcidov da qeyd edir ki, istənilən dietik vasitənin təkbaşına effekti yoxdur: “Arıqlamaq üçün doğru qidalanma, əsəb və stressdən uzaq olmaq, idman etmək, yuxu rejimi çox önəmlidir. Bunlar çəki atmağın qızıl qaydalarıdır. Kimsə dietik çay içib, digər vacib şərtlərə əməl etmirsə, arıqlaya bilməyəcək”.
Müsahibimiz hazır deitik çaylar almaqdansa, ev şəraitində hazırlamağı tövsiyə edir: “Satışda olan çayların tərkibi əsasən zəncəfil, nanə, limon, mixək, hil, sarıkök, yarpız, kəklikotu, məkkəgülüdür. Bu bitkiləri alıb, evdə də dəmləmək olar. Çətin iş deyil”.
Yox, əgər ev şəraitində dietik çay hazırlamağı bacarmırsınızsa, həkimlərə də müraciət edə bilərsiniz. Bu halda sizin orqanizminizə uyğun, fərdi çay paketi təyin ediləcək.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu