Uşağı bağçaya necə hazırlamalı? - Psixoloq RƏYİ




Bağçanın insan həyatında xüsusi yeri var. Uşaq bir çox ilkləri məhz bu dövrdə yaşayır. Odur ki, valideyn bağça ilə bağlı mövzuları ciddi araşdırmalı, öyrənməli və doğru qərarlar verməlidir. Tərbiyəçinin, yaxud da ata-ananın bir yanlış davranışı azyaşlıda ciddi travmalar yarada bilər. Əhəmiyyətini nəzərə alaraq, mövzu ilə bağlı valideynləri daha çox maraqlandıran və narahat edən suallara cavab tapmağa çalışacağıq.



Uşaq neçə yaşında bağçaya getməlidir?

Mütəxəssislər uşağın bağçaya getməsi üçün ən uyğun dövrün 3 yaş olduğunu qeyd edirlər. Bəzi valideynlər işlədikləri üçün övladlarını daha erkən bağçaya verməli olur. Əgər bu kimi məcburiyyət varsa, 3 yaşdan kiçik uşağı ya günün yarısınadək bağçada saxlamaq, yaxud da daha çox oyun oynaya biləcəyi xüsusi mərkəzlərə aparmaq məsləhət görülür. Psixoloq Arzu Müzəffər də AFN-ə açıqlamasında bildirib ki, uşağın bu mərhələyə başlaması üçün ən azı 3 yaşı tamam olmalıdır: " Azyaşlı bağça ilə bağlı fikirlərini ifadə etməyi, narahat olduğu sualları dilə gətirməyi bacarmalıdır. Yəni ana ilə dialoq qura biləcəyi yaşa çatmalıdır. Bu mövzuda əsas məsələlərdən biri uşağın sağlamlığının yoxlanılmasıdır. Bəzən ata-ana övladının autizm sindromlu olduğunu bilmir. Odur ki, valideyn övladını bağçaya, yoxsa özəl təlimə qoyacağına əvvəlcədən qərar verməlidir".

Uşaq bağçaya necə alışdırılmalı?

İlk gündən bütün saatları bağçada saxlamaq tövsiyyə olunmur. Müddət az-az artırılmalıdır. Məsələn, birinci gün 1, ikinci gün 2 saat qala bilər. Beləcə, tam günə çatanadək vaxt tədricən uzadılır. Eləcə də ilk günlər valideyn bağçadan tamam uzaqlaşmamalıdır. Uşaq çox ağlayır, sakitləşmirsə, ana yaxınlaşıb, qısamüddətli yanında qala bilər. Bu metodla azyaşlı yeni mühitə daha rahatlıqla alışa bilir. A.Müzəffərin sözlərinə görə, bağçada müəllimlərin münasibəti uşaqda ciddi iz buraxır: "Tərbiyəçinin nəinki davranışı, hətta görünüşü, səs tonu belə uşağın adaptasiyasına təsir göstərir. Həmçinin bağçada ilk qarşılamanın da böyük önəmi var. Orada kobudluq görən azyaşlı ikinci dəfə həmin mühitə qayıtmaq istəmir".



Bağça nə üçün lazımdır?

Bağça uşağın fiziki, sosial, psixoloji inkişafı üçün çox önəmlidir. Həmçinin danışıq qabiliyyəti, nitqi də daha yaxşı inkişaf edir. Aparılan elmi araşdırmalara görə, bağçaya gedən uşaqlar məktəbdə daha uğurlu olur, nəinki digərləri. Onlar sərbəst qərar verə, yeni çevrəyə daha asanlıqla alışa bilirlər. Bağça azyaşlını psixoloji və sosial baxımdan məktəb həyatı üçün hazırlayır.

Eləcə bağça ilə övladınızın ilk təhsili də başlayır. Unutmaq olmaz ki, uşaqların öyrənmə taktikası fərqlidir. Kimi daha çox toxunaraq, bir başqası eşidərək, digəri isə görərək öyrənir. Odur ki, təlim proqramı hazırlanarkən, bu kimi məsələlər də nəzərə alınmalıdır.

Uşaq bağçaya getmək istəmirsə, nə etməli?

Bağça ilə övladınızın həyatında yeni mərhələ başlayır. Bu yeniliyə alışması üçün vaxt lazımdır. Əgər valideynlərin hər hansı bir narahatçılığı varsa, bu barədə uşağın yanında danışmamalı, ona hiss etdirməməlidir. Əks halda bu balacada bağçaya qarşı daha çox inamsızlıq yaranacaq.

İlk günlər uşaq daha çox ağlayırsa, müəllim ona diqqətini artırmalı, maraqlı oyunlara cəlb etməlidir. Müsahibimiz bəzi azyaşlılara xüsusi yanaşmanın vacibliyini də qeyd edir: " Azyaşlı ağlayırsa, bunun səbəbi araşdırılmalıdır. Niyə ağlayır? Bəlkə sindromu var? Odur ki, bağçaya qoymazda əvvəl sağlam olub-olmadığı mütləq şəkildə öyrənilməlidir. Əgər heç bir psixoloji problemi yoxdursa, zamanla yeni çevrəyə alışacaq, daha ağlamayacaq. Müəllim azyaşlıları bağçaya cəlb etmək məqsədi ilə maraqlı proqramlar hazırlamalıdır. Bu uşağın alışması üçün çox effektiv üsuldur".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu