İctimaiyyət məhkəmədən “Elina işi” ilə bağlı ədalətli qərar gözləyir- RƏYLƏR




Xəbər verildiyi kimi, Elina Hacıyevanın ölümündə təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. AFN-in məlumatına görə, birinci gün məktəblinin anası Sevil Hüseynova və qohumları, eləcə də prosesdə adı hallanan Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova şahid qismində dindirilib.



Qeyd edək ki, Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses başlayan gündən bir sıra məqamlar narazılıq doğurub. Belə ki, hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib. Bu isə cəmiyyətdə günahkarların cəzasız qalacağı kimi qəbul edilir və ciddi narazılıqlar var. Tanınmış telejurnalist İradə İsak məhkəmə prosesində baş verənlərdən, E.Hacıyevanın ölümündə təqsirləndirilən direktor S.Abbasovanın davranışından narazılığını sosial şəbəkədə bildirəndən sonra məsələ ilə bağlı I vitse-prezident Mehriban Əliyeva müraciət olunması gündəmə gəlib.
AFN geniş ictimaiyyətin diqqətində olan proseslə bağlı ölkə ziyalılarının, tanınmış şəxslərin münasibətini öyrənib.



“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Elina cinayəti ilə bağlı ədalətli qərar çıxarılacağına inandığını bildirib: “Elina məsələsinin ciddiliyini ölkə başçısının bu məsələni öz nəzarətinə götürməsi ilə ölçmək lazımdır. Əslində hadisə ənənəvi valideyn-müəllim- şagird tandeminin düzgün qurulmamasından qaynaqlanır. Doğrudur, bunu bütün məktəblərə şamil etmək olmaz. Çünki ölkədə sağlam formalaşmış müəllim-şagird-valideyn münasibətləri də var. Təəssüf ki, cəmiyyət bu məsələdə qruplara bölünüb: kimi məktəbi müdafiə edir, bir başqası təhsil müəssisəsini günahlandırır, digəri Elina və ailəsini ittiham edir. Məsələnin ən vacib tərəfi isə odur ki, bir azyaşlı məktəb binasında intihar edib. Bu, artıq məktəb direktorunun hadisədə məsuliyyətini önə gətirir”.
M.Zeynalova onu da qeyd edib ki, məktəbdə Elinaya qarşı bullinq olub-olmadığını öyrənmək üçün kifayət qədər video material olmalıdır: “Əks halda adi söz və şayiələrə əsaslanaraq, düzgün qərar vermək çətindir. Mən düşünürəm ki, istintaq orqanları yetərincə sübut toplaya biləcək. Məhkəmə hökmünün ədalətli olacağına inanıram. Çünki, bir azyaşlının məktəbin ərazisində özünə qəsd etməsi sıradan bir məsələ deyil”.



Hüquqşünas Səbuhi Axundov isə E.Hacıyevanın cəmiyyət qurbanı olduğunu söyləyib: “Elina qurbanlıq cəmiyyətin qurbanlıq balası oldu. Cinayətdə təqsirləndirilən məktəb direktorunun dünən jurnalistlərlə gülərək danışdığını gördük. Onun nəyin və kimin hesabına belə rahat olduğu kimsəyə sirr deyil. Sevinc Abbasovanın gülərək, rahat şəkildə müsahibə verməyi dövlətin hüquq-mühafizə və məhkəmə sisteminin ona verdiyi arxayınlıqdan irəli gəlir. Belə olmasaydı, S.Abbasova istintaq müddətində həbsdə qalar, “Təcili yardımı zəhmət çəkib polis vaxtında çağırardı”,- deməzdi”.



Bəstəkar-müğənni Murad Arif də məsələyə münasibət bildirərək, məhkəmə prosesinə sədrlik edən hakimdən adil hökm çıxarmasını xahiş edib: “Elinanın intiharı ilə bağlı hadisələri dərin acı ilə izləyirəm. Bu məsələdə üç tərəfin də izahatında bir-biri ilə düz gəlməyən, çox şübhəli, mübahisəli məqamlar var. Hadisənin dəhşətini unutmaq olmur. Ortada ölüm həddinə çatdırılmış uşaq, onu silkələyərək direktorun otağına daşıyan adamlar və bu qərarı verən müdirə var. Ancaq uşağın intiharında aidiyyatı olan hər kəs azadlıqdadır. Əgər belə də qalsa, ədalət prinsiplərimizə şübhə və etibarsızlıq daha da çoxalacaq. Bu hissi xalqa ötürmək təhlükəlidir. Xahiş edirəm hakimlərdən, ədalətli olsunlar”.



Xalq artisti Nurəddin Mehdixanlı da hadisə ilə bağlı hər kəsi günahkar bilir: “Hamı günahkardır! Ailəsi, məktəb rəhbərliyi, sinif yoldaşları, yaşadığımız mühit, cəmiyyət- hamımız! Cəzaya gəldikdə isə əslində Elina öz ölümü ilə yaşayanların üzünə tərs sillə vuraraq, hamıya müddətsiz cəza verdi. Əgər dünyada ədalət deyilən bir nəsnə varsa, bu ölümün birbaşa məsulu olanlar mütləq şəkildə həbsxanada hücrə cəzası da çəkməlidir, ədalətin zəfəri, yeni intiharların olmaması naminə!”



Yazar, teleaparıcı Vüsalə Məmmədova da ədalətli qərara ümid etdiyini bildirib: “Elinanın intiharında dolayısı ilə hamımızın günahı var. Əgər xəstəxanaya göndəriləndə ölməmişdisə, bu, direktoru və digərlərini cəzadan azad etmir. Məktəblini pəncərəyə çıxardan səbəblər araşdırılmalı və məsuliyyət daşıyan hər kəs sorğulanmalıdır. Elinaya qarşı münasibət zamanla yetişib və buna sinif rəhbəri, məktəb direktoru, orada çalışan psixoloq göz yumub. Adil hökm verilməli, ədalət bərqərar olmalıdır ki, cəmiyyət günahkarların cəzasız qalmadığını görsün. Həmçinin hər bir valideyn övladına başa salmalıdır ki, bullinqə məruz qoymağa heç kimin haqqı yoxdur. Kiminsə uşağının ərköyünlüyü, tərbiyəsizliyi bir başqasının ölümünə səbəb olmamalıdır. Aylardır bu məsələ ictimaiyyətin gündəmindədir. Düşünürəm ki, məhkəmə ədalətli qərar verəcək”.



Genderşünas Kifayət Ağayeva məktəbilinin ölümündə əsas günahı keçmiş məktəb direktorunda gördüyünü qeyd edib: “Keçmiş məktəb direktoru Sevinc Abbasovanın jurnalistlərlə söhbətini izlədim. Hələ də şokdayam. Qadın olasan, müəllim adı daşıyasan, amma bu qədər etinasız, laqeyd şəkildə bir qızcığazın ölümündən danışasan. Elə bil kiçik bir avtoxuliqanlıq edib, ondan bəhs edir.
Elinanın ölümündə günahı ailəsində, anasında da görürəm. İnsan övladına qarşı bu qədər soyuq münasibət bəsləməz. Ana öz qızının problemini bilirdi və onun çətinliyini aradan qaldıranadək rahat olmamalıydı. Ata da ondan betər. Məktəb kollektivi, uzaqdan-yaxından Elina ilə əlaqəsi olan hər bir müəllim, xüsusilə də sinif rəhbəri bu problemlərlə maraqlanmalı idi. Direktor birmənalı şəkildə ən əsas günahkar şəxsdi. Onu təsvir etməkdə cümlələr yetərsiz qalar. İnsani keyfiyyətlərdən məhrum bir adamdı. Həmçinin Elinanın yanına gələn, orada olan polis, həkim - hamısı günahkardır! Məhkəmənin adil gərar çıxaracağına inanmaq istərdim. Bu işdə kimin əli varsa, hamısına cəza kəsilməsini arzu edirəm. Ancaq belə digərlərinə də dərs ola bilər”.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva 2019-cu il aprelin 13-də oxuduğu məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və məhkəmə prosesi başlanıb.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu