Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu
Lənkəran Dövlət Universitetində yeddi tələbə qız halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Lənkəran Dövlət Universitetinin qiyabi təhsil alan tələbələri - 21 yaşlı Şabran sakini Ədilə Samir qızı Cəlilova, onun həmyaşıdı Bərdə sakini Ülviyyə Mübariz qızı Ağazadə, 20 yaşlı İmişli sakini Qumral Cahangir qızı Əzizzadə, 20 yaşlı Cəlilabad sakini Aygün Füzuli qızı İbrahimova, 19 yaşlı Biləsuvar sakini Ləman Səfər qızı Rzazadə və 21 yaşlı Yardımlı sakini Ulduz Elçin qızı Kərimli təcili tibbi yardım və müəllimlərin maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Bakı sakini 1997-ci il təvəllüdlü İlahə Namiq qızı Nəzərova isə evə getdikdən sonra halı pisləşib və xəstəxanaya müraciət edib. Tələbələrdən biri Reanimasiya Şöbəsinə yerləşdirilib. Digərlərinin isə vəziyyəti normaldır.
Hadisə sessiya zamanı baş verib. Ehtimala görə, otaq şəraitində yaranan hava çatışmazlığı nəticəsində tələbələrin halı pisləşib.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. (oxu.az)