Özünüməşğulluq proqramı ilə bağlı yeni mexanizm qurulur




Prezident İlham Əliyev özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda “Bəzən müəyyən vasitələr vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, - mən bilirəm ki, treninqlər də keçirilir, - eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır” deyə bildirib.



Tapşırığın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi proqram əsasında verilmiş aktivlərdən səmərəli istifadə üçün daha təkmil formada metodiki dəstək mexanizminin qurulması işlərinə başlayıb.

Xüsusilə proqrama cəlb olunanların 85 faizi biznes-planlarına uyğun kənd təəsərrüfatı, xüsusən heyvandarlıq fəaliyyəti üzrə öz təsərrüfatlarını qurur. Onlara verilən mal-qara Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş müstəvisində mütəmadi baytar yoxlamalarından keçəcək. Mal-qaraya qulluq qaydaları barədə proqram iştirakçılarına müxtəlif formalarda metodiki dəstək tədbirləri həyata keçiriləcək.

Həmçinin digər fəaliyyət sahələri (xidmət, istehsal və s.) üzrə qurulmuş təsərrüfatlara vaxtaşırı baxış keçirilməklə, avadanlıqlar formasında verilən aktivlərdən düzgün və məqsədyönlü istifadə vəziyyəti təhlil olunacaq, bu istiqamətdə də vətəndaşlara ardıcıl metodiki köməkliklər göstəriləcək.

Aktivlərdən istifadəyə nəzarət sisteminin təkmilləşdirilməsi çərçivəsində nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemində özünüməşğulluq proqramının hər bir iştirakçısına dair şəxsi kabinetlər yaradılacaq. Proqramın icra mərhələlərində onunla bağlı aparılmış işlər, yekun olaraq ona verilmiş aktivlər barədə məlumatlar şəxsi kabinetlərində yerləşdiriləcək. Verilən aktivlərin keyfiyyəti (foto və videomateriallarla) və bunu təsdiqləyən sənədlər, aktivlərin verilməsi zamanı vətəndaş məmnunluğu əsasında aktlaşdırma prosesi, aktivlərdən istifadəyə dair aparılmış vaxtaşırı montorinqlərin nəticələri və s. barədə məlumatlar əlavə ediləcək.

Bütün bu məlumatların ictimai açıqlığı və nəticədə verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarət də təmin ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu