Şərurun Yengicə kəndi: Bir neçə min il əvvəldən bu günədək...+FOTOLAR (II yazı)




Oxucu buraya qədər yazdıqlarımı oxudusa, indi nə üçün Qazançılar kəndinin adı sonralar dəyişdirilərək Yengicə olmuşdur sualına cavab verə bilərik.

Əvvəli BURADA



Bu sualın cavabı Doğu Arpa çayının törətdiyi fəsadlardadır. Bir neçə min il bundan öncə Doğu Arpa çayı uzun müddət Dizə kəndi ilə indiki Oğlanqala (300 il bundan öncə bu kəndin adı “Müfəssəl vergilər dəftərində” Oğlanşahlı kimi keçir) kəndinin arasındakı dar bir boğazdan keçərək, xalq arasında Balıqlı adlanan azacıq çuxur yerə girdikdən sonra oradan Qazançılar kəndinin ərazisində bir neçə dəfə dolanıb keçmiş və Xələc kəndi ilə Alşar kəndinin arasından axaraq, Araz çayına tökülmüşdü. Bu məcrası ilə axarkən qəflətən gələn güclü sel Qazançılar kəndini dağıtmış və ağır fəlakətlər törətmişdi. Sel o qədər güclü olmuşdu ki, öz yatağına sığmayan Doğu Arpa çayı nəticədə Dizə kəndi ərazisindəki dar boğazdan keçərkən öz yatağının dibini yuyub, dərinə salmış və elə bu səbəbdən də çay birinci məcrasını tərk etmiş, özünə ikinci məcrasını açaraq, oradan axmağa başlamışdı.

Sonralar dar boğaz adlandırdığımız yerdə Doğu Arpa çayı üzərində körpü salınmışdı. Bu güclü sel Qazançılar kəndini yuyub apararaq onu xarabalığa çevirir. Kəndin sağ qalan sakinləri isə seldən qurtulmaq üçün Arpa çayının sol sahilində indiki Şərur şəhərindən başlayaraq Xələc kəndi istiqamətilə ta Araz çayına qədər uzanan yamacda özlərinə sığınacaq tapmışdılar. Yamacın eni yuxarıdan bir neçə yüz metr, aşağıdan isə Xələc kəndinə yaxınlaşdıqca daralaraq, yox dərəcəsinə çatır. Qazançılar kəndinin seldən qurtulan sakinləri bu yamacın indiki Şərur şəhərindən başlayaraq, ta Xələc kəndinə təqribən 1 km qalana qədərki sahəsi boyunca yenidən özlərinə bir kənd salmış və ona öz aralarında qeyri rəsmi olaraq Yengicə adını vermişlər. Lakin rəsmi sənədlərdə onun Qazançılar olan ilkin adı uzun zaman olduğu kimi saxlanılmışdı. Yeni salınmış kəndin ortasından quzeydən güneyə doğru uzun bir küçə və küçənin sağı və solu boyunca nizamla, sanki əvvəlcədən hazırlanmış plana uyğun olaraq salınmış kimi görünən yaşayış binaları tikilmişdir. Bu küçənin adı o vaxtdan bu günə qədər Uzun küçə, kəndin adı isə Yengicə (yenicə tikilmiş, təzə salınmış) kəndi adlanır.
İndi (iyun 2018-ci il) Yengicə bir neçə dəfə böyüyüb, 1993-cü ildən, yəni Naxçıvan Muxtar Respublikasında mərhum Heydər Əliyevin rəhbərliyi dönəminin başladığı gündən ta bu günə gədər Şərur yaylasındakı başqa yaşayış məskənləri kimi Yengicə kəndi də abadlaşdırılaraq bir şəhər şəklini alıb. Nəticədə Şərur-Dərələyəz mahalının ən böyük yaşayış məskəni olmuş Yengicə kəndi daha da böyüyüb və Şərur şəhərinə birləşib, əhalisinin sayı artıb, 2018 -ci ilə olan məlumata görə, 5000 nəfəri keçib. Yengicə kəndi Şərur yaylasında əhalisinin sayına görə Şərur şəhərindən (əhalisinin sayı 6700 nəfər) və Sədərək kəndindən sonra üçüncü böyük yaşayış məskənidir. 2018-ci ilin iyun ayında kəndə içməli su kəməri çəkilib istifadəyə verilib, 2010-cu ildən kəndin mərkəzində yeni məktəb, klinika, inzibati və məişət binaları, kəndin 500 ildən artıq tarixi olan Böyük məscidin və 300 ildən artıq tarixi olan hamamın binaları bərpa olunaraq kənd əhalisinin istifadəsinə verilib. Kəndin küçələrinin çınqıllanaraq abadlaşdırılması, onların da yaxın gələcəkdə asfaltlaşdırılacağına zəmin yaradıb. Aşağıda verdiyim foto şəkillər isə mənim yazdıqlarımın doğru olduğunu sübut edir.



Şəkil 1. Yengicədə İnzibati bina



Şəkil 2. Yengicədə məktəb binası



Şəkil 3. Klinika binası



Şəkil 4. Məişət otaqları və dükanlarının yerləşdiyi bina



Şəkil 5.Təmir olunmuş Böyuk məscidin və həyətində ona aid olan dini ayinlər üçün yardımçı binalar



6. Bərpa olunmuş qədim Hamamın binası


Şərur şəhərindən başlayaraq ta Yengicə kəndinə qədər 15-17 m eni, uzunluğu isə 2 km-ə yaxın, hər iki tərəfində trotuarı və işıqlandırılmış müasir, Avropa standartlarına uyğun asfalt yolu çəkilmişdir. Bu yolun davamı olaraq yalnız Yengicənin mərkəzindən sağa quzeyə doğru-Salahabad, Şəhriyar, oradan Axamət, Kərimbəyli yolları, Yengicənin mərkəzindən batıya doğru-Muğanlı, Qorçulu yolları və yenə Yengicənin mərkəzindən doğuya tərəf-Alşar, Xələc yolları da yenidən asfaltlandırılmışdır. Yəqin ki, yaxın gələcəkdə Yengicədən 1,5 km məsafəlik doğuda yerləşən ən yaxın qonşu Çomaxtur kədinə gedən yoluna da asfalt döşənəcəkdir.

Ardı var...

Həsən SƏDİRLİ, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndi, Türkoloq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu