Şərurun Yengicə kəndi: Bir neçə min il əvvəldən bu günədək...
Osmanlı dövlətinin 1727-ci ildə tərtib edilmiş “Müfəssəl vergilər dəftəri”ndə adı keçən “Qazançılar kəndi” sözündən sonra mötərzə içərisində belə bir qeyd də var: “Bir başqa adı da Yengicədir”. Bu dəftərdə Şərur-Dərələyəz mahalında olan kəndlərin ayrı-ayrılıqda verəcəkləri illik verginin məbləği yazılıb. Hələ o zaman böyük yaşayış məskəni olan Qazançılar (Yengicə) kəndi mahaldakı kəndlər siyahısında ən çox – hər il 38000 axça vergi ödəyirdi.
Nə üçün bu kəndin iki adı var idi və nə üçün ən çox vergi ödəyən kənd idi?
Bu suallara cavab tapmaq o qədər də asan olmamışdı. “Müfəssəl vergilər dəftəri”ni öz elektron səhifəmə yüklədikdən sonra oxudum və öyrəndim ki, bu gün Yengicə kimi tanıdığımız kəndin əvvəlki adı hələ 300 il bundan əvvəl Qazançılar olub. Çox qədim zamanlardan Şərur yaylasındakı bütün kəndlərdə olduğu kimi, bu kənddə də əhali heyvandarlıq və əkinçiliklə yanaşı, baramaçılıqla və ipəkçiliklə də məşğul olub. Baramaçılıq Yengicə kəndində o qədər inkişaf etmişdi ki, XX yüzilliyin 60-cı illərinə qədər Şərur yaylasında olan kəndlərin baramaçıları yetişdirdikləri baramanı gətirərək yalnız Yengicə kəndində olan barama qəbulu məntəqəsinə təhvil verərdilər.
Baramanı iri mis qazanlarda suda qaynadar, bu zaman baramalardan açılan ipək sapların görünən ucu bənnaxlar adlanan ustalar tərəfindən tutularaq kənarda oturmuş qadınlara verilər, onlar isə ipək sapları yumaq şəklində sarıyaraq toxuculara xammal kimi satarmışlar. İri qazanlarda qaynadılaraq baramadan açılan ipin ucunu tutmaq üçün istifadə olunan aləti qamışdan düzəldərmişlər. Bunları mənə 2008-ci ildə Yengicə kənd sakini, uzun müddət ibtidai sinif müəllimi işləmiş 87 yaşlı Yusif Nəbiyev danışmışdı. Onun dediyinə görə, Yengicədə ipək sap təkcə xammal kimi satılmayıb, ondan həm də toxuculuqda da istifadə etmişdilər. Bəzən bir neçə toxucu qadın bir araya gələrək ipək xalça da toxuyarmış. Belə xalçanı toxumaq çox uzun zaman tələb edərdi. Bu növ xalça sonralar “Qabelen” adı altında Fransada da istehsal olunmağa başlayıb. Yusif müəllimin 116 il yaşamış nənəsinə istinadən dediyinə görə, ipəkçilik sənətini buraya Kitaydan köçüb gələrkən onların ulu babaları özlərilə gətirmişdilər. O vaxt söhbət əsnasında mən Yusif müəllimin “Kitaydan” sözünə düzəliş vermək məqsədiylə “Kitaydan yox Çindən” demişdim. O isə mənə “nənəm “Çin” sözünü işlətməzdi, həmişə “Kitay” deyərdi” deyə cavab vermişdi. Tarixçilərimiz və etnoqraflarımız daha dəqiqini deyər, bizim coğrafiyamızı Kitaydan, hələ Çin xanədanlığı yaranmamışdan çox-çox öncə gələn türk tayfaları məskunlaşdırıblar.
Nəhayət bu qədər geniş və uzun söz arasından sonra “Müfəssəl vergilər dəftəri”ndən aldığım məlumatları yazmağa davam edirəm. Verginin çox hissəsi bənnaxlardan, dəyirmanlardan, əkin və məzrələrdən (biçənəklərdən), şirniyyat ustalarından, dükanlardan və s. tutulurdu. Bu siyahıda hamamların da adı çəkilirdi. Buradan da məlum olur ki, Yengicə kəndindəki bu gün təmir olunmuş hamamın təqribən 300 illik bir tarixi var.
Araz və Doğu Arpa çaylarının adlarının mənşəyini araşdırarkən çox sensasion bir məlumatla da qarşılaşdım. Mən, ümumiyyətlə, coğrafi adların mənşəyini və mənasını tapmaq üçün linqivistik yanaşıma daha çox yer verirəm. Məsələn, götürürəm “Araz” sözünü, görürəm ki, çay adı olan bu söz iki qalın hecalı bir sözdür. Birinci “Ar” hecasının mənası hələ bəlli deyil, amma ikinci heca “az” türkcədir və “çox olmayan, yəni az” anlamına gəlir. Artiq məlum olur ki, Araz sözündəki birinci iki səs heca olmaqla bərabər həm də suya və bu çaya aid olan bir sözdür. Bu günə qədər “Araz” sözünün etimologiyasını, mənşəyini araşdırarkən, ona ya Türkiyə türkcəsində işlədilən “Aras”, ya da İranda işlədilən və fars dilinə uyğunlaşdırılaraq “Ərəs” kimi səslənən bir söz kimi baxmışlar, bununla da bir neçə variantda olsa belə, aldıqları nəticəni həqiqət kimi xalqımıza təqdim etmişlər. Yəni çayın türkçə adındakı “as” hecasını götürərək, onun “as” tayfalarının dilində olduğunu və yaxud fars variantını götürərək türkcə olan “ərəs” sözündən alındığını, yəni “az əsgər” anlamına gəldiyini iddia etmişlər. Yerı gəlmişkən, qeyd etmək lazımdır ki, “Arbatan” (Şərur yaylasında kənd adıdır-H.S.) sözünü də “Ər batan” kimi götürərək, onun da “Əsgər, döyüşçü batan” mənasında olduğunu yazmışlar. Araz çayının Türkiyə türkcəsi variantında “Ar” atılmış, yalnız “As” əsas götürülmüş, farsca variantında isə “Ər” götürülmüş, “əs” atılmışdır. “Arbatan” sözü də saxtalaşdırılmışdır, yəni “Ar” sözü “Ər” kimi götürülmüşdür. Mən isə “Ar” sözünün etimologiyasını, mənşəyini “Arpa” sozünün mənasını tapandan sonra bildim. Türkiyə Respublikasının Bursa vilayətində “Qayapa” (şəlalə adıdır), “Müfəssəl vergilər dəftəri”ndə Həmzəli kəndinə aid Kərəpa məzrəsi (biçənəyi) və nəhayət, hamımıza məlum çay adı olan Arpa sözü. Qayapa iki komponentli sözdür: 1. Qaya-dağlardakı iri sal daş anlamındadır. 2. Pa-qədim türklərdə su anlamındadır. Oğuz Xan öz ordusu ilə yürüyüşdə olarkən indi Ural adlanan çaya rast gəlir və heyrətlə deyir: “Ur-A-Pa”(anlamı: “Ur-çatdıq, A-Duru, Pa-suya, çaya, yəni çatdıq duru sulu çaya. Burada Pa sözünün iki anlamı vardır: Su və Çay. Kərəpa sözü də iki komponentlidir. 1.Kərə-“Kərəqulaq keçi”sözundəki yarımçıq qulağı olan keçi, yəni keçinin qulağı var, lakin sallaq deyil, görünür, bu bulağın adındakı “kərə” yarımçıq anlamındadır. 2. Pa-artıq bilirik ki, su anlamındadır. Kərəpa biçənəyi (məzrəsi) Həmzəlilərə aid olduğu üçün onlar hər ilin iyun ayında gəlib, qışa hazırlıq məqsədilə özlərinə ot tədarükü edərdilər. Burada yalnız bir bulaq var, onun suyu da iyun ayından sonra ta yağışlar mövsümünədək quruyardı. Bu isə o deməkdir ki, bulaq yarımçıqdır, yəni yay fəslində bulağın suyu quruyur. Ona görə də bulağın adı qədim türklərdə Kərəpa olmuş, biçənək də bu bulağın adını daşıyaraq, bu günə qədər Kərəpa məzrəsi (biçənəyi) adlanır. Əlbəttə, məzrə sözü ərəbcədir – cəm halında məzyardır və qışa mal-davar üçün ot hazırlığı məqsədilə nəzərdə tutulmuş sahəyə verilən addır. Artıq anlaşıldı ki, Arpa və Araz sözlərindəki birinci komponent olan “Ar” heca deyil, ayrı-ayrılıqda sərbəst işlənən, həm də bu gün bizim və digər türk dillərində fəal işlənən sözlərdən biridir. Aşağıda “Ar” ilə başlayan sırf türk kökənli sözlərdən bir neçəsini örnək olaraq göstərirəm:
Arpa – Şərur yaylasında çay adıdır, Duru sulu çay anlamındadır.
Araz – Türkiyə və Azərbaycan ərazilərindən keçən çay adıdır, çox nadir hallarda (yay aylarında suyu duru olur) və az bir sürə duru su ilə axan çay anlamındadır.
Arıtlamaq – bir şeyi arıtlayaraq təmizləmək, suya aiddirsə durultmaq anlamındadır.
Araşdırmaq – analiz edərək, hər hansı bir məsələdə həqiqəti, doğrunu, təmizi tapmaq anlamındadır.
Arı – çiçəklərin nektarını toplayaraq bala çevirən və uçan həşəratdır.
Ari – 1.Göy üzündən, səmadan Yer üzünə ilk endirilmiş, nazil olunduğuna görə türklərə verilən addır: “Arilər”, yəni qanı ən saf olan insanlar. 2. İslamdan öncə xristian olmuş Azəri türklərində Tanrıya verilən qutsal tituldur: Onlar “Arim mənim”, “Safım mənim”, “Rəbbim mənim” sözlərilə Tanrıya dua etməyə başlayardılar.
Məncə, bu siyahıya həm də “Ararat” sözünü əlavə etmək lap yerinə düşərdi. Kim inciyər, qoy incisin. “Ararat” sözü sırf türk kökənli sözdür. Bu söz üç komponentdən ibarətdir: 1. Ar, 2. Ar-hər iki söz saf, təmiz və kutsal (müqəddəs) anlamını daşıyır. Səbəbi də odur ki, prototürklər dünyada ilk təkallahlılıq dini olan Tanrıçılq dinini yaradaraq, ona iman gətirmişdilər. Bu ilahinin adı Göy Tanrısıdır, (yəni Səma Tanrısıdır). Qədim türklər inanırdılar ki, nə qədər hündür dağ varsa o dağ qutsaldır, yəni nə qədər hündür dağ zirvəsinə çıxsaq, bir o qədər Göy Tanrısına yaxın olarıq, Göy Tanrısı da bizim dualarımızı tez eşidər və qəbul edər. Türklərin ilk belə qutsal, yəni ari ziyarətgahı Hindistandakı Himalay dağlarının yüksək zirvələrindən biri olan Kaylas dağı olmuşdur. Hacı (Adji) Murada görə, “kilsə” sözü də Kaylas dağının adından götürülmüşdür. Ararat sözündəki iki dəfə təkrar olunan “ar-ar” sözləri də burada iki ari, iki qutsal anlamındadır. 3-cü komponent olan “At” sözü isə yenə qədim türklərdə “Dağ” anlamındadır. Buradan da anlaşılır ki, qədim türkcəmizdə “Ararat” sözü iki qutsal, ari dağ deməkdir.
Oxucu buraya qədər yazdıqlarımı oxudusa, indi nə üçün Qazançılar kəndinin adı sonralar dəyişdirilərək Yengicə olmuşdur sualına cavab verə bilərik.
Ardı var...
Həsən SƏDİRLİ, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndi, Türkoloq