“Azərbaycan Ordusu düşmənə hər zaman layiqli cavab verib”- Mehriban Əliyeva
"Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi".
Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündə oxunan müraciətində qeyd edilib.
Müraciəti Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov oxuyub.
Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman layiqli cavab vermişdir.
Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.
2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.
Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”.