Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”




"Dünən ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı uğursuz açıqlaması regionu yeni bir böhranın, yeni bir gərginliyin astanasına gətirib".

“Bloomberg” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirlərinin Yeni Zelandiyadakı terror aktı ilə bağlı keçirilən fövqəladə yığıncağında bildirib.

"Qolan təpələri 1967-ci ildə İsrail tərəfindən işğal edilərkən, sadəcə, ərəblər yox, türkmanlar da öz doğma torpaqlarından köçməyə məcbur edilib. Türkiyənin və İslam Əməkdaşlıq Təşkilatının bu cür həssas məsələdə səssiz qalması, de-faktolara boyun əyməsi qeyri-mümkündür. Qolan təpələrinin işğalının legitimləşdirilməsinə əsla yol vermərik”, - deyə o qeyd edib.

Türkiyə lideri martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidə 51 nəfərin ölməsinə, 47 nəfərin yaralanmasına səbəb olan terror aktını aysberqin görünən tərəfi kimi dəyərləndirib: "Baş verənlər dünyada güclənən mədəni irqçiliyin, mədəniyyətlər arasında ixtilafın əlamətidir. Bu gün qarşımızda açıq-aşkar İslam düşmənçiliyi var. Bu təhdid artıq təhlükəsizlik qurumlarının da məsuliyyətindədir. Eynilə İŞİD, "Əş-Şəbab", PKK kimi neonasist qruplar da terror təşkilatları qismində görülməli və dəyərləndirilməlidir. Holokost üçün necə antisemitizmin qarşısı alınmışdısa, yüksələn İslam düşmənçiliyi ilə də eyni şəkildə mübarizə aparılmalıdır”.

Ərdoğan getdikcə daha geniş vüsət alan mədəni irqçilikdən təkcə müsəlmanların deyil, yəhudilərin, başqa dini və milli azlıqların da əziyyət çəkdiyini, İslam düşmənçiliyi məsələsinin BMT və Avropa İttifaqı kimi platformalara gətirməyin vacib olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu