Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri




Əbu Turxanın gözəl bir deyimi var- "Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz"…



Niderland Krallığında yaşasa da, daha çox Azərbaycan cəmiyyətinin üzvüdür. Elə ona görə də bütün planları, arzuları Azərbaycanla bağlıdır…
Haqqında söhbət açdığım Elman Mustafazadə əslən Laçının İmanlar kəndindən olsa da, 1957-ci ildə Qarabağda, məşhur Hindarxı kəndində dünyaya gəlib. 6 yaşında ikən Şuşaya köçüblər, orta təhsilini orada alıb. 1974-cü ildə Bakıya üz tutub, əsgəri xidmətə çağrılanadək müxtəlif yerlərdə işləyib. Ordudan qayıtdıqdan sonra iki il tikintidə fəhləlik edib. 1981-1986-cı illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakultəsində oxuyub. Oranı bitirərək bir il Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim işləyib. 1988-1989-cu illərdə Əzizbəyov adına Mədəniyyət evinin rəhbəri olub. 1989-1990-cı illərdə "Azərbaycan Əlvan Metal Birliyi"nin təhcizat idarəsində əvvəlcə ekspeditor, sonra isə şöbə rəisi vəzifəsində çalışıb. Arada üç ay Ağdərənin Xatınbəyli, Orta Güney, Baş Güney kəndlərinin ermənilərdən müdafiə olunmasında könüllülərdən ibarət silahlı dəstəyə rəhbərlik edib. 1990-cı ildə Azərbaycanda kominist rejiminə etiraz əlaməti olaraq Polşa hökumətindən müvəqqəti məskunlaşmaq izni alıb. 2000-ci ilədək həmin ölkədə yaşayıb. Orada olarkən "Azərbaycan Cəmiyyəti"ni yaradaraq Polşada yaşayan soydaşlarımızı ətrafına toplamaq qərarına gəlib. Bir müddət sonra "Polşada Azərbaycanın Dostları" adlı cəmiyyətin təsisçilərindən biri və sədri olub. Bundan əlavə 1994-cü ildə "AzerLex" və "AzerPol" ticarət şirkətlərini yaradaraq bizneslə də məşğul olub. Qazancından o vaxt döyüşən Azərbaycana bir neçə dəfə dava-dərman da göndərib. 1993-1995-ci illərdə döyüşlərdə yaralanan səkkiz əsgər və zbitimizi öz hesabına Polşa xəstəxanalarında müalicə etdirib. 1995-ci ildə M.Ə.Rəsulzadənin təsis etdiyi, sonuncu sayı 1939-cu ildə buraxılan "Qurtuluş" jurnalından sonra ilk qürbət mətbuat nümunəsinin, "Xudafərin" jurnalının işıq üzü görməsinə nail olub. Bu dərgi yeganə azərbaycan dilli jurnaldır ki, Avropada yayımlanmasına rəsmi icazə verilib…

…Üç övladı var, bir oğlu, iki qızı. Babək, Tomris, Azəran…

Deyir ki,- "1991-ci ildən 2000-ci ilədək neçə-neçə imkansız azərbaycanlı ailəsinin Avropada yerləşdirilməsinə təmənnasız kömək etmişəm. Uzun müddət onlara maddi yardım göstərmişəm. Əl tutduğum tələbələr də az olmayıb"…

2000-ci ildən Niderland Krallığında yaşayır. 2006-cı ilədək Hollandiya və Beliçkada Qarabağla bağlı tədbirlərin əksəriyyətinin təşkilatçısı və aparıcısı olub. 2008-ci ilədək təsisçilərindən biri olduğu "BAK"-a rəhbərlik edib. Hazırda "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədridir. "Whatsapp" sosial şəbəkəsində "Ya Qarabağ, ya ölüm" adlı qrup yaradaraq bir sıra Avropa ölkələrindən yüzə yaxın nüfuzlu soydaşımızı burada bir araya gətirib. Dediyinə görə, bu insanların çoxu uzun illər Diaspora Komitəsinin diqqətindən kənarda qalan vətənpərvər yurddaşlarımızdır ki, Azərbaycan naminə canlarından keçməyə belə hazırdırlar…

Ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi olan bu çılğın, fədakar insanın bütün fəaliyyətinin ana xətti Qarabağdır.
Deyir ki,- "Qarabağa görə nəinki canımdan, balalarımdan da keçərəm"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu