Asim Mollazadə: “Təhsil sahəsindəki islahatlar sürətləndirilməlidir”
Bu gün Azərbaycan prezidenti tərəfindən ölkədə sosial dəsətəyə ehtiyacı olan təbəqələr üçün ciddi islahatlara proqramı həyata keçirilməkdədir.
AFN xəbər verir ki, bunu "Ölkə.Az”a açıqlamasında deputat Asim Mollazadə deyib.
Onun sözlərinə görə, həyata keçirilən bu islahatlar çox böyük önəm daşıyır və təqdir olunmalıdır.
Bununla belə deputat hesab edir ki, vergi, gömrük sahəsində həyata keçirilən islahatlar daha da dərinləşməlidir.
"Biz ölkədə kiçik və orta sahibklığın inkişafına ciddi təkan vermək istəyiriksə, bu sahədki islahatlar davam etdirilməlidir. Bu sahədə həyata keçirilən islahatların davam etdirilməsi iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”,- deyə Mollazadə qeyd edib.
Deputat eyni zamanda təhsil sahəsindəki islahatların sürətləndirilməsini zəruri sayır:
"Parlamentdə təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə bir sıra qanunlar qəbul edilib və onların icra mexanizmi üçün şəraitin yaradılmasına ciddi zərurət var. Bunlardan biri də "Peşə təhsili haqqında " qanundur ki, ölkədə güclü peşə təhsili sistemini formalaşdırmaqla biz gənc nəslin işlə təmin olunması sahəsində mühüm problemlərdən birini həll etmiş olarıq”.
A.Mollazadə həmçinin məhkəmə-hüquq sistemində islahatların davam etdirlməsini zəruri sayır. O, deyib ki, artıq ölkə başçısı da hüquq-məhkəmə sistemində ciddi islahaltların həyata keçiriləcəyinin vacibliyini dilə gətirib:
"Ümidvaram ki, bu istiqamətdə ciddi islahatlar həyata keçiriləcək. Çünki real azad iqtisadiyyatın formalaşması üçün ədalətli məhkəmə sisteminə ehtiyac var. Dövlət başçısının bu sahəyə diqqət yetirməsi gələcəkdə bu istiqamətdə ciddi islahatların keçiriləcəyindən xəbər verir.
Bununla yanaşı, tikinti sektorunda hökm sürən hərc-mərcliyin nizama salınmasına ehtiyac var. Bu sektorda özbaşınalığın qarşısını almaq üçün mühüm addımların atılacağını gözləyirik”- A.Mollazadə bildirib.