Ali Məhkəmə Beytulla Hüseynovu azad edir?




Yanvarın 16-da Beytulla Hüseynov azadlığa çıxacaq. Bu haqda yayılan məlumatlarda deyilir ki, Beytulla Hüseynovun azadlığa çıxması üçün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov əlindən gələni edir. Beytulla Hüseynov Eldar Mahmudovun yaxın qohumudur.



Onun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyinatı da məhz Eldar Mahmudovun sabiq rabitə naziri Əli Abbasova təzyiqləri nəticəsində baş tutub. Əli Abbasov “MTN işi” üzrə istintaqda ifadə verərkən bir daha təsdiqlənmişdi ki, Beytulla Hüseynovu Eldar Mahmudovun təkidi ilə baş direktor vəzifəsinə təyin edib.

Əli Abbasovun Mahmudovun generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının işi üzrə ibtidai istintaqda dediklərindən sitat: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim.

Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim.

Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”. Beytulla Hüseynovun təyinatı Eldar Mahmudova hər kəsi, ölkənin rəhbər şəxlərini belə dinləməyə imkan verib. Hazırda Eldar Mahmudovun Beytulla Hüseynovu azad etdirmək üçün göstərdiyi çabalar da əbəs deyil.

Uzun illər onun “qulağı” olmuş, gizli və qanunsuz dinləmədən əldə olunan məlumatları sonradan şantaj alətinə çevirib böyük pullar qazanıblar. Odur ki, Eldar Mahmudov hər hansı yolla olursa olsun, Beytulla Hüseynovu azad etdirməyə çalışır. BTRİB-in eks rəhbəri Beytulla Hüseynov cinayət işi Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Əli Seyfəliyevin icraatındadır.

Qeyd olunan cinayət işi üzrə məhkəmə baxışı 1 ildən artıq müddətdir ki uzadılır, məqsəd isə Beytulla Hüseynovun azadlığa buraxılmasıdır. Həmin iş üzrə bundan əvvəlki məhkəmə iclası 28 noyabr 2018-ci il tarixə təyin edilmişdi.

Həmin zaman mətbuatda “Eldar Mahmudovun “qulağı” azadlığa çıxmaq istəyir” başlığı ilə xəbər yayılmış və həmin xəbərdə hakim Əli Seyfəliyevin Eldar Mahmudovun dövründə onun sifarişi ilə işlərə baxması və qeyri-obyektiv olaraq qərarlar qəbul etməsi, məhz buna görə tez bir zamanda Eldar Mahmudovun dəstəyi ilə Ali Məhkəmənin hakimi vəzifəsinə qədər yüksəlməsi qeyd olunurdu.

Həqiqətən də, MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudova yaxın olmuş hakimlər verirdi, onlardan biri də, həmin dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi olan Əli Seyfəliyev idi.

Belə ki, Hacı Məmmədov və bandasına qarşı keçirilən əməliyyatdan sonra həmin bandaya aidiyyəti olmayan şəxslər də tutulmuşdu, belə günahsız şəxslərə hökm oxuyan və Eldar Mahmudovun mənafeyini güdən hakimlərdən biri də Əli Seyfəliyev olub.

Hazırda belə iddialar var ki, o zaman mətbuatda barəsində yayılan xəbərlərə görə Əli Seyfəliyev məhkəmə iclasında, külli miqdarda dövlət əmlakını talamış, dövlətə xəyanət etmiş biri olan Beytulla Hüseynovu azadlığa buraxa bilməyib.

Buna görə də çıxış yolu kimi məhkəmə baxışının təxirə salınması qərarı verilib və növbəti məhkəmə iclasını yanvar ayına təxirə salınıb. Burada da məqsəd aranın sakitləşməsini gözləmək idi. 16 yanvar 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında hakim Əli Seyfəliyevin Eldar Mahmudovun mənafeyinə uyğun qərar qəbul edəcəyi ehtimalının böyük olduğu vurğulanır.

Dövlətə xəyanət etmiş və külli miqdarda dövlət əmlakını mənimsəmiş birini azadlığa buraxmaq nə dərəcədə ədalətlidir? Beytulla Hüseynova ən ədalətli cəzanı birinci instansiya məhkəməsi vermişdi, həmin məhkəmənin hökmündə Beytulla Hüseynovun dövlətə 21 milyon manatdan çox ziyan vurduğu əksini tapmışdı.

Apelyasiya instansiyası məhkəməsi 2017-ci ilin axırlarında qəbul etdiyi qərarla mümkün olan qədər cəzanı yüngülləşdirmiş və Beytulla Hüseynovun azadlıqdan məhrum etmə müddətini 7 il 6 aya kimi endirmişdi. İndi isə Ali Məhkəmənin hakimi Əli Seyfəliyev əlavə heç bir yüngülləşdirici əsas olmadan, 7 il 6 ay cəza müddətinin 1 il 2 ayını çəkmiş Beytulla Hüseynovu azadlığa buraxmağa hazırlaşır.

Mənbə: Cumhuriyyet.net



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu