"Qazprom": Avropada qaz anbarlarının kəsiri böyüyür
Rusiya enerji şirkəti "Qazprom" Avropanın yeraltı təbii qaz anbarlarının doldurulmasındakı kəsirin əvvəlki illərlə müqayisədə böyüdüyünü bəyan edib.
AFN.az xəbər verir ki, "Qazprom"dan verilən açıqlamada bölgədə hökm sürən isti havanın anbarlara təbii qaz vurulmasını ləngitdiyi bildirilib.
Avropadakı anbarlarda mövcud olan təbii qazın həcminin iyunun 27-nə olan məlumata görə, ötən ilin eyni tarixi ilə müqayisədə 9,7 milyard kubmetr və ya 16,7 faiz daha aşağı səviyyədə olduğu qeyd edilib.
Bəyanatda Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq nisbətinin son 5 ilin ən aşağı səviyyəsində qaldığı vurğulanaraq, "Avropanın yeraltı təbii qaz anbarlarının doldurulmasında kəsir əvvəlki illərlə müqayisədə böyüyür" ifadəsinə yer verilib.
Yaxın Şərqdəki hadisələrə görə qaz qiymətlərinin artdığı Avropada Körfəz ölkələrindən mayeləşdirilmiş təbii qaz (LNG) idxalı da münaqişələr səbəbindən ləngiyir.
Rusiyanın Avropaya qaz ixracatı da sanksiyalara görə əhəmiyyətli dərəcədə azalmışdı.
