Dünya Kubokunun qrup mərhələsində 215 qol vuruldu



2026-cı il FIFA Dünya Kubokunun qrup mərhələsində keçirilən 72 oyunda ümumilikdə 215 qol vurulub.

AFN.az xəbər verir ki, Fransa, Almaniya və Niderland hərəyə 10 qolla ən çox qol vuran komandaların siyahısına başçılıq edir.

Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunan turnirin qrup mərhələsində qeydə alınan bu göstərici ilə yeni bir Dünya Kuboku rekordu qırılıb və Qətərdə keçirilən 2022-ci il Dünya Kubokunun qrup mərhələsindəki 172 qolluq göstərici geridə qoyulub.

Qrup mərhələsində ümumilikdə 1774 zərbə qeydə alınıb və hər oyuna orta hesabla 24,6 zərbə düşüb ki, bu göstəricidə Belçika 73 zərbə ilə zirvədə qərarlaşıb.

İştirakçı 48 ölkədən 47-si qol sevinci yaşadığı halda, yalnız Panama rəqib qapılarına yol tapa bilməyib.

Kanadanın Qətəri 6:0 hesabı ilə məğlub etməsi Dünya Kuboku tarixində Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) ölkəsinin bir oyunda 4-dən çox qol vurduğu ilk matç kimi tarixə düşüb.

Həmçinin Paraqvay üzərində qazanılan 4:1 hesablı qələbə ABŞ-ın Dünya Kubokunda ilk dəfə bir oyunda 4 qol vurduğu qarşılaşma olub.

Argentinanın kapitanı Lionel Messi turnirin finallarında ardıcıl 7 oyunda qol vuran ilk oyunçu olaraq tarixə düşüb, həmçinin ümumilikdə 19 qolla turnir tarixinin ən qolçu futbolçusu ünvanını möhkəmlədib.

Kilian Mbappe isə 16 qolla Messinin dərhal ardınca gəlir və növbəti mərhələlərdə bu sıralamada önə keçmək şansına sahibdir.

Bununla yanaşı, Lionel Messi 38 yaş 357 gün ilə turnir tarixində het-trik edən ən yaşlı oyunçu olub və 2018-ci ildə İspaniyaya qarşı üç qol vurarkən 33 yaş 130 gün olan Ronaldunu geridə qoyub.

Kriştianu Ronaldu da 10 qola çataraq Portuqaliyanın Dünya Kuboku tarixindəki ən qolçu oyunçusu olub və daha əvvəl 9 qolla Eysebioya məxsus olan rekordu yeniləyib.

Kürasaonun baş məşqçisi Dik Advokat 78 yaş 271 gün ilə turnir tarixinin ən yaşlı baş məşqçisi kimi yeni bir rekorda imza atıb.

Bu arada, Cənubi Afrika Respublikasının baş məşqçisi Huqo Broos da 74 yaş 75 gün ilə Dünya Kuboku tarixində oyun qazanan ən yaşlı mütəxəssis ünvanına sahib olub.

Mərakeşli İsmayıl Saibari dünya futbolunun ən böyük təşkilatında ardıcıl 3 oyunda qol vuran ilk afrikalı oyunçu kimi diqqət çəkib.

Yaponiyanın Tunisi 4:0 hesabı ilə məğlub etməsi Dünya Kuboku tarixindəki mininci oyun və turnirdə bir Asiya Futbol Konfederasiyası (AFC) komandasının əldə etdiyi ən böyük qələbə olub.

Meksika isə ilk dəfə ardıcıl 4 Dünya Kuboku oyununda qalib gələrək bu uğuru qazanan ilk CONCACAF komandası olmaq rekordunu təkrarlayıb.

Seneqal da bir Dünya Kuboku oyununda (İraqa qarşı) 5 qol vuran ilk Afrika komandası olmağı bacarıb.

Turnirə 48 ölkədən ümumilikdə 1248 futbolçu qatılıb ki, onlardan da 999-u qrup mərhələsində ən azı bir oyunda meydana çıxıb.

Qrup mərhələsində komandalar ümumilikdə 68162 ötürmə reallaşdırıb və hər oyuna orta hesabla 946,7 ötürmə düşüb.

İspaniya 2191 ötürmə ilə bu sahədə liderliyi ələ keçirib və bu ötürmələrin 2013-ü dəqiq olub.

2359 dəqiq asmanın edildiyi qruplarda Kanada 117 asma ilə siyahının başında qərarlaşıb.

Qrup oyunları 1604 dəfə fol səbəbindən dayanıb və hər matçda orta hesabla 22,3 qayda pozuntusu qeydə alınıb ki, Haiti 55 qayda pozuntusu ilə rəqiblərinə ən çox mane olan komanda olub.

Hakimlər hər oyuna orta hesabla 2,5 sarı vərəqə göstərib və ümumilikdə 180 sarı vərəqə verilib.

Ən çox sarı vərəqə alan komanda 8 dəfə ilə Paraqvay olub.

Həmçinin turnirdə 10 qırmızı vərəqə göstərilib ki, onlardan da 2-si Cənubi Afrika Respublikasının payına düşüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu