ABŞ-da vətəndaşlıq müraciəti rüsumlarına 80 faizə qədər artım təklifi
Donald Tramp administrasiyası Amerika vətəndaşlığı üçün müraciət rüsumlarını 80 faizə qədər artırmağı, həmçinin az təminatlı şəxslər üçün nəzərdə tutulan rüsum endirimləri və azadetmələri ləğv etməyi nəzərdə tutan yeni plan hazırlayıb.
AFN.az xəbər verir ki, Federal Reyestrdə dərc olunan təklif imtina edilmiş müraciətlərin yenidən qiymətləndirilməsi üçün ödənilən məbləğlərin də yüksəldilməsini ehtiva edir.
Mövcud qaydalara əsasən, şəxsən edilən vətəndaşlığa qəbul müraciətləri üçün 760 dollar, onlayn müraciətlər üçün isə 710 dollar rüsum tələb olunur.
Yeni təkliflə bu məbləğlərin şəxsən müraciətlərdə 75 faiz artımla 1330 dollara, onlayn müraciətlərdə isə 80 faiz artımla 1280 dollara çatdırılması hədəflənir.
Bundan əlavə, rədd edilmiş müraciət üçün yenidən baxış tələb etmə rüsumunun da şəxsən müraciətlərdə 830 dollardan 1475 dollara, onlayn müraciətlərdə isə 780 dollardan 1475 dollara qaldırılması planlaşdırılır.
Keçmiş administrasiyalar inteqrasiyanı təşviq etmək məqsədilə rüsumları daha aşağı səviyyədə saxladığı halda, hazırkı rəhbərlik vətəndaşlıq xidmətlərinin subsidiyalaşdırılmamalı olduğunu müdafiə edir.
Federal yoxsulluq həddindən 400 faiz aşağı gəliri olan şəxslərə tətbiq edilən 380 dollarlıq endirimli müraciət rüsumunun yeni qaydalarla tamamilə ləğv edilməsi nəzərdə tutulur.
Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən edilən açıqlamada endirimli rüsum təcrübəsinin davam etdirilməsi üçün kifayət qədər əsasın olmadığı, yeni vətəndaşların yaradacağı potensial faydaların maliyyə yükünü digər müraciət edənlərin üzərinə qoymağa bəraət qazandırmadığı bildirilib.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) böyük ölçüdə müraciət rüsumları hesabına maliyyələşdiyi xatırladılıb.
Miqrant hüquqları müdafiəçiləri isə rüsumların təxminən iki dəfə artırılmasının Amerika arzusunu reallaşdırmaq istəyən şəxslər üçün ədalətsiz bir maneə yaradacağını ifadə ediblər.
Nyu-York İmmiqrasiya Koalisiyasının rəhbəri Murad Avavdeh lazımi bütün qanuni addımları izləyən və imtahanlardan keçən miqrantlar üçün bu artımın qapıları tamamilə bağlaya biləcəyini vurğulayıb.
Vətəndaşlıq rüsumunun artırılması təklifi ilə bağlı ictimaiyyətin rəyləri avqustun 24-nə qədər elektron variantda qəbul ediləcək.

