İran Dünya Çempionatındakı məhdudiyyətlərə görə FİFA-ya şikayət edəcək



İran Futbol Federasiyası 2026-cı il FİFA Dünya Çempionatında milli komandaya tətbiq edilən məhdudiyyətlər səbəbindən FİFA-ya şikayət etməyə hazırlaşır. 

AFN.az xəbər verir ki, "G" qrupunda iyunun 21-i bazar günü Belçika ilə qarşılaşacaq İranın oyundan cəmi 24 saat əvvəl Los-Anceles şəhərinə gəlməsinə icazə verilib.

Qrupdakı ilk oyununda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edən İranın növbəti səhər bərpa məşqi etdikdən sonra ayrılmaq tələbi rədd edilib və nümayəndə heyətindən düşərgə qurduqları Meksikanın Tixuana şəhərinə qayıtmaları istənilib.

Federasiyanın mövzu ilə bağlı verdiyi bəyanatda bu ifadələr yer alıb:

"Bu cür məhdudiyyətlərin turnirdə iştirak edən bütün komandalara bərabər şəraitin təmin edilməsi prinsipi ilə ziddiyyət təşkil etdiyinə və komandaların hazırlıq proseslərinə mənfi təsir göstərə biləcəyinə inanırıq. Federasiya öz narazılığını rəsmi şəkildə dilə gətirəcək və müvafiq kanallar vasitəsilə FİFA-ya rəsmi şəkildə şikayət ünvanlayacaq. Bu məhdudiyyətlərə baxmayaraq, İran Milli Komandası hazırlıq proqramını davam etdirəcək və tamamilə Belçika oyununa diqqət yetirəcək".

Baş məşqçi Əmir Qalenoi isə Yeni Zelandiya matçından sonra vəziyyəti tənqid edərək, "Dərhal ayrılmalı olduğumuzu bildirdilər. Bu vəziyyət bizi həqiqətən çox çətinliyə salır. Doğrusunu desəm, bizi niyə geri göndərdiklərini bilmirik. Çox qəribə görünür. Sanki planlaşdırmamızı bizim yerimizə başqaları edir. Bizim komandamız bütün Dünya Çempionatında ən çox təzyiqə məruz qalan, ən məzlum komandadır" deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu