"Brent" markalı neftin barreli 78,33 dollardan satılır



"Brent" markalı neftin bir barrelinin qiyməti beynəlxalq fyuçers bazarlarında 78,33 dollar təşkil edir.

AFN.az xəbər verir ki, ötən gün 83,80 dollara qədər yüksələn "Brent" neftinin fyuçers barrel qiyməti günü 78,96 dollardan başa vurub.

"Brent" markalı neftin barrel qiyməti bu gün saat 10:10-a olan məlumata görə, qapanışla müqayisədə təxminən 0,8 faiz azalaraq 78,33 dollar olub.

Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) tipli xam neftin barreli isə 75,29 dollardan alıcı tapıb.

Neft qiymətlərindəki ucuzlaşmaya ABŞ ilə İran arasında müvəqqəti razılığın əldə oluna biləcəyi və bunun ardınca Hörmüz boğazı vasitəsilə neft nəqlinin yenidən başlayacağı gözləntiləri təsir göstərir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton ilə Tehran arasında üzərində işlənilən memorandumu "regional sülh sazişi" adlandıraraq, bu razılaşmanın İranla yanaşı Körfəz ölkələrini, İsraili və Livanı da əhatə edəcəyini bildirib.

Vens İranın öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə sazişin Yaxın Şərq üçün tarixi nəticələr doğura biləcəyini, əks halda Tehranın iqtisadi qazanc əldə edə bilməyəcəyini ifadə edib.

Sazişin tez-tez müqayisə edildiyi Marşal Planından fərqli olduğunu vurğulayan Vens sözügedən çərçivənin amerikalı vergi ödəyicilərinin vəsaitləri hesabına maliyyələşdirilməyəcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp da Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra verdiyi açıqlamada İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı sərt mesajlar ünvanlayıb.

Tramp ABŞ-nin nəzarətinə keçəcəyi təqdirdə sözügedən uranın məhv ediləcəyini bildirərək, məqsədlərinin ona sahib olmaq deyil, tamamilə ortadan qaldırmaq olduğunu deyib.

Hörmüz boğazının 19 iyuna qədər tamamilə yenidən açılacağını ifadə edən Tramp neft axınının bərpa olunması ilə qiymətlərin düşdüyünü, bazarlardakı risk qavrayışının da azaldığını dilə gətirib.

Tramp, həmçinin İranla imzalanması planlaşdırılan anlaşma memorandumundan sonra başlayacaq 60 günlük müddətdə tərəflərin danışıqlar mövzularını yekunlaşdırmağı hədəflədiyini bildirərək, münasibətlərin normallaşması ilə müzakirələrin sürət qazana biləcəyini söyləyib.

Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 15-də etdiyi açıqlamada ABŞ ilə İranın aparılan danışıqlar nəticəsində Livan daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini bəyan etmişdi.

İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi də razılaşmanı təsdiqləyərək anlaşma memorandumunun 19 iyunda İsveçrədə imzalanacağını açıqlamışdı.

Tramp daha əvvəl etdiyi şərhdə İranla sülh sazişinin tamamlandığını, Hörmüz boğazının yenidən açılacağını və ABŞ-nin dəniz blokadasının dərhal qaldırılacağını bildirmişdi.

Sözügedən proseslər bazar iştirakçılarının neft tədarükünə yönəlmiş narahatlıqlarını azaldaraq qiymətlərin aşağıya doğru hərəkətini dəstəkləyib.

Digər tərəfdən, Amerika Neft İnstitutu (API) ABŞ-nin kommersiya xam neft ehtiyatlarının ötən həftə 8 milyon 330 min barrel azaldığını proqnozlaşdırıb.

Bazarın gözləntisi ehtiyatlarda 4 milyon 500 min barrellik azalma olacağı yönündə idi.

Gözləntilərin üzərində reallaşan ehtiyat azalması dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də tələbin güclü qaldığına işarə edərək neft qiymətlərindəki eniş təzyiqini məhdudlaşdırıb.

Bununla yanaşı, bazarların diqqəti ABŞ Mərkəzi Bankının (FED) bu gün açıqlanacaq faiz qərarında olacaq.

FED-in yeni sədri Kevin Uorşun rəhbərlik edəcəyi ilk iclasdan çıxacaq pul-kredit siyasəti qərarları bazarların mərkəzində dayanır.

Bankın faiz dərəcəsini sabit saxlayacağına qəti gözlə baxılsa da Uorşun ilk rəsmi şərhlərindəki tonuna xüsusi diqqət yetiriləcək.

Bazarlar bu gün dərc olunacaq Beynəlxalq Enerji Agentliyinin (IEA) Neft Bazarı Hesabatını da təqib edəcək.

"Brent" neftində texniki olaraq 80,53 dolların müqavimət, 77,26 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi qeyd olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu