AK yeni Aİ üzvlərinin veto hüququnu məhdudlaşdıran mexanizm hazırlayır


Avropa Komissiyası gələcəkdə Avropa İttifaqına qəbul ediləcək yeni ölkələrlə imzalanacaq sazişlərə onların Aİ Şurasındakı veto hüququnu 15 ilədək müddətə məhdudlaşdıran xüsusi bəndlər daxil etmək niyyətindədir. 

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə genişlənmə üzrə avropalı komissar Marta Kos Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən bəyan edib. Qeyd edək ki, sözügedən görüşdə Ukrayna və Moldovanın ittifaqa qəbulu üzrə rəsmi danışıqlara start verilir.

"Monteneqrodan başlayaraq (EK bu ölkəni 15 illik danışıqlardan sonra 2027-ci ildə qəbul etməyi planlaşdırır), bu sazişlər "yeni nəsil" üzvlük müqavilələri olacaq. Ora yeni qoruyucu mexanizmlər daxil ediləcək ki, bu da bizə yeni üzvlərin 5, 10 və ya 15 il sonra da Avropa normalarına riayət edəcəyinə əminlik verəcək", - deyə Kos bildirib. Onun sözlərinə görə, 2027-ci ildən tətbiq olunacaq bu mexanizm lazım gəldikdə yeni ölkələrin yekdillik tələb edən qərarları bloklamaq hüququnu dondurmağa imkan verəcək.

Mövcud Aİ üzvlərinin veto hüququnun bu şəkildə məhdudlaşdırılması isə hüquqi baxımdan qeyri-mümkündür. Beləliklə, Avropa Komissiyasının bu planı gələcəkdə Aİ ölkələrinin fərqli hüquqlara malik qruplara bölünməsi deməkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu