2025-ci ildə dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb



İsveçdə aparılan araşdırma 2025-ci ildə dövlətlərarası münaqişələrin sayının İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatdığını ortaya qoyub.

AFN.az xəbər verir ki, İsveçin Uppsala Universitetinin alimləri Uppsala Münaqişə Məlumat Proqramının (UCDP) məlumatlarından istifadə edərək 1898-2025-ci illər arasındakı qlobal zorakılıq meyillərini tədqiq ediblər.

Araşdırmada 2025-ci ildə 65 aktiv münaqişənin qeydə alındığına diqqət çəkilərək, dövlətlərarası münaqişələrin sürətlə artaraq İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatdığı bildirilib.

Dövlətlər arasındakı birbaşa qarşıdurmaların 2024-cü illə müqayisədə 2025-ci ildə 2 dəfə artdığı qeyd olunan araşdırmada vurğulanıb ki, 2025-ci ildə dövlətlərarası münaqişələrin sayı 8 olaraq qeydə alınıb və bu, UCDP-nin 1946-cı ildə məlumat toplamağa başlamasından bəri qeydə alınan ən yüksək göstəricidir.

Bu münaqişələr arasında Ukrayna və Rusiya, İsrail və İran, həmçinin Hindistan və Pakistan arasındakı qarşıdurmalar yer alır.

Araşdırmada 2025-ci ildə qeydə alınan 65 aktiv münaqişənin böyük hissəsinin ölkədaxili olduğu, onlardan 13-nün isə müharibə səviyyəsinə çatdığı barədə məlumat paylaşılıb.

Ötən il qeydə alınan münaqişələrdə 244 min 600 nəfərin həyatını itirdiyi bildirilən tədqiqatda bu rəqəmin 1994-cü ildəki Ruanda soyqırımından bəri qeydlərə keçən ən yüksək səviyyə olduğu vurğulanıb.

Araşdırmada mütəşəkkil zorakılıq 3 fərqli kateqoriyada nəzərdən keçirilib ki, bunlardan birincisi tərəflərdən birinin və ya hər ikisinin hökumət olduğu "dövlət əsaslı zorakılıq", ikincisi "qeyri-dövlət zorakılığı", üçüncüsü isə "birtərəfli zorakılıq" kimi qruplaşdırılıb.

Tədqiqatçılardan Şon Devis dövlətlərarası münaqişələrdə nəzərəçarpan artımın müşahidə olunduğunu ifadə edib.

Sözügedən araşdırma "Peace Research" jurnalında dərc olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu