Vətən müharibəsi yenidən alovlanan müharibələr siyahısında


Heidelberg Beynəlxalq Münaqişələri Araşdırma İnstitutunun (HIIK) illik hesabatına görə, keçən il dünyada 21 müharibə baş verib.


AFN xəbər verir ki, "Münaqişə Barometri 2020" adlı araşdırma hesabatında ölkələr, etnik və siyasi qruplar arasındakı silahlı qarşıdurmaların ümumi sayı isə 220 olaraq göstərilib. HIIK 2019-cu ildə dünyadakı müharibələrin sayının 15 olduğunu elan edib. Agentliyin hesabatına görə, keçən il qeydə alınan müharibələrin sayı 2014-cü ildən bəri ən yüksək olub.

İnstitutun araşdırmasına görə, keçən il başlayan və ya yenidən alovlanan müharibələr Cənubi Yəmən, Dağlıq Qarabağ, Konqo Demokratik Respublikası, Mozambik, Cənubi Sudan və Efiopiyada baş verib. Araşdırmaya görə, Afrikanın cənubundakı ölkələrdə müharibələr və böhranlar şiddətlənir. Bu bölgədə qeydə alınan müharibələrin sayı 11 olduğu halda, bunlardan 5-i əvvəllər başlayan və keçən il yenidən alovlanan döyüşlərdir. Yaxın və Orta Şərqdə isə Əfqanıstan, Liviya, Suriya, Yəmən , Kürd qrupları ilə Türkiyə arasındakı müharibə siyahıda yer alır.

Əvvəlki ildə Avropada Ukraynadakı qarşıdurmalar məhdud bir müharibə olaraq qeyd edildiyi halda, Ermənistan ilə Azərbaycan arasındakı müharibə 2020-ci ildə alovlanan müharibələrdən biri olub.

Amerika qitəsində Meksika və Braziliyadakı narkotika müharibələri yenidən alovlanan müharibələr kimi qeyd edilib. Kolumbiyadakı şiddətli qarşıdurmalar da hesabata daxil edilib. HIIK, Myanmarda və Filippində dörd məhdud döyüşü qeydə alıb ki, 2019-cu ildə bu bölgədə qeydə alınan müharibələrin sayı beş idi. Münaqişənin səbəbləri arasında dini ziddiyyətlər də daxil olmaqla ideoloji qarşıdurmalar da var. Bundan əlavə, etnik qarşıdurmalar, su və torpaq kimi qaynaqların paylanması ilə bağlı mübahisələr və ölkə daxilində siyasi hakimiyyəti qazanmaq uğrunda mübarizə də münaqişələrin digər səbəblərindəndir.

1991-ci ildən bəri, Heidelberg Beynəlxalq Münaqişə Araşdırmaları İnstitutu dünyadakı böhranlar, qarşıdurmalar və müharibələrə dair illik hesabat hazırlayır. Hesabatın hazırlanmasında dünyanın hər yerindən 200-dən çox alim iştirak edir.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu