Filippində "Xeneral-Santos" hava limanının fəaliyyəti dayandırılıb
Filippin Mülki Aviasiya İdarəsi (CAAP) ölkənin cənubunda baş verən güclü zəlzələ və ardınca verilən sunami xəbərdarlığı ilə əlaqədar Xeneral-Santos şəhərindəki beynəlxalq hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib.
AFN.az xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında bildirilir.
Saranqani əyalətində qeydə alınan yeraltı təkanlardan sonra pilotlar üçün xüsusi bildiriş (NOTAM) yayımlanıb və hava limanının fəaliyyəti yerli vaxtla saat 08:45-dən 15:00-dək dondurulub. Hazırda mütəxəssislər uçuşların gələcək təhlükəsizliyini təmin etmək məqsədilə aeronaviqasiya vasitələrinin, avadanlıqların və uçuş-enmə zolağının vəziyyətini qiymətləndirirlər. Sərnişinlərə reyslərin statusu ilə bağlı aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə olunur.
Zəlzələnin gücü ilə bağlı ilkin olaraq fərqli rəqəmlər açıqlanıb. Filippin Vulkanologiya və Seismologiya İnstitutu (PHIVOLCS) yeraltı təkanların maqnitudasını ilkin olaraq 7,00 qeyd etsə də, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 7,80 olduğunu bəyan edib.
Hadisə ilə bağlı Filippin Prezidenti Ferdinand Markos (kiçik) təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün dövlət qurumlarının təcili səfərbər olunması barədə göstəriş verib. Dövlət başçısı Mindanao adasının zəlzələdən zərər çəkmiş bir neçə bölgəsində, o cümlədən Xeneral-Santos şəhərində bütün səviyyələr üzrə təhsil müəssisələrində dərslərin müvəqqəti dayandırılmasına qərar verib.
Prezident Markos sunami təhlükəsi elan edilən sahilyanı ərazilərin sakinlərinə müraciət edərək dərhal daha təhlükəsiz və hündür yerlərə təxliyə olunmağa çağırıb: "Gözləməyin, dərhal hündür yerlərə hərəkət edin. Sizin həyatınız geridə qalan hər şeydən daha vacibdir".
İlkin məlumatlara görə, Xeneral-Santos şəhərində bəzi yaşayış binaları, ticarət mərkəzi və obyektlər dağılıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi və dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Yerli hakimiyyət orqanları itkilər və xəsarət alanlarla bağlı məlumatları dəqiqləşdirir.


