Avstraliya "Rheinmetall" ilə hərbi sursat istehsalı müqaviləsi imzalayıb
Avstraliya hökuməti silahlı qüvvələri üçün irikalibrli artilleriya sursatlarının istehsalını təşkil etmək məqsədilə Almaniyanın "Rheinmetall NIOA Munitions" birgə müəssisəsi ilə 72 milyon Avstraliya dolları (təxminən 47 milyon ABŞ dolları) dəyərində müqavilə bağlayıb.
AFN.az xəbər verir ki, bu barədə Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marlz məlumat yayıb.
Nazirin bəyanatına əsasən, yeni istehsal sahəsi Kvinslend ştatının Meriboro şəhərində yerləşən zavodun bazasında qurulacaq və 2028-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq. Müəssisə ilkin mərhələdə ildə azı 15 min ədəd 155 mm-lik "M795" artilleriya mərmisi istehsal etmək gücündə olacaq və gələcəkdə bu həcmin artırılması imkanı nəzərdə tutulur. Bu sursatlar Avstraliya ordusunun arsenalında olan "M777A2" yedəklənən haubitsalarında və "AS9 Huntsman" özüyeriyən artilleriya qurğularında istifadə edilir.
Riçard Marlz qeyd edib ki, yerli istehsalın işə salınması Avstraliyanın müdafiə sənayesini gücləndirməyə, tədarük zəncirində kənar amillərdən asılılığı azaltmağa və ordunun sursat təminatını daha etibarlı etməyə imkan verəcək.
Bununla yanaşı, hökumət Viktoriya ştatının Benalla şəhərində yerləşən "Thales Australia" müəssisəsində 127 mm-lik (5 düymlük) gəmi artilleriyası sursatlarının istehsal xəttinin modernləşdirilməsinə daha 9,2 milyon Avstraliya dolları vəsait ayırdığını elan edib.
Hər iki layihə milli silah və sursat istehsalının inkişafı proqramının tərkib hissəsidir. Avstraliya İnteqrasiya edilmiş Müdafiə İnvestisiya Proqramı çərçivəsində yaxın onillikdə bu sahəyə ümumilikdə 26 milyarddan 36 milyardadək Avstraliya dolları həcmində vəsait yönəltməyi planlaşdırır.




