Filippində tikilməkdə olan bina uçub: 17 nəfər ölüb
Filippinin Anheles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın uçması nəticəsində 17 nəfər ölüb, daha 3 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
AFN.az "ABS-CBN News" telekanalına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının koordinatorluğu ilə xilasedici qruplar binanın dağıntılarını təmizləyərək axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.
Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayo bildirib ki, hadisə mayın 24-ü gecə saatlarında baş verib və çöküntü altında onlarla inşaat fəhləsi qalıb. Fəlakətin ilk saatlarında 26 nəfəri sağ çıxarmaq mümkün olub. Xəsarət alanlar arasında qonşu oteldə qalan malayziyalı bir turist də olub ki, o da sonradan xəstəxanada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.



