ABŞ Senatı Trampın hərbi əməliyyatlarla bağlı qanun layihəsini müzakirəyə çıxardı
ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını Konqresin təsdiqinə bağlamağı nəzərdə tutan "müharibə səlahiyyətləri" qanun layihəsinin müzakirələrə çıxarılmasını təsdiqləyərək, sənədin irəliləməsi üçün mühüm addım atıb.
AFN.az xəbər verir ki, ABŞ Senatının Baş Assambleyasında keçirilən səsvermədə layihənin Xarici Əlaqələr Komitəsindən çıxarılmasını nəzərdə tutan prosedur səsverməsində 47 senator əleyhinə, 50 senator isə lehinə səs verib.
Beləliklə, Trampın İrana qarşı hərbi güc tətbiqini Konqresin razılığına şərtləndirən "müharibə səlahiyyətləri" qanun layihəsinin Senat Baş Assambleyasında müzakirəsinin yolu ilk dəfə açılıb.
Səsvermədə respublikaçı senatorlar Rand Pol, Susan Kollins və Lisa Murkovski əvvəlki 6 səsvermədə olduğu kimi "hə" deyib, əvvəlki səsvermələrdən fərqli olaraq bu dəfə respublikaçı senator Bill Kessidi də layihəyə dəstək verib.
Digər tərəfdən, demokrat senator Con Fetterman əvvəlki səsvermələrdə olduğu kimi layihəyə "yox" deyən yeganə demokrat senator olub.
Respublikaçıların çoxluq təşkil etdiyi Senatda ilk dəfə prosedur səsverməsindən keçən müharibə səlahiyyətləri layihəsinin tam qəbul edilməsi üçün daha iki səsvermədən keçməsi lazım gələ bilər.
ABŞ mediasına açıqlama verən bəzi Nümayəndələr Palatası üzvləri oxşar məzmuna malik bir müharibə səlahiyyətləri layihəsinin bu gün parlamentin gündəliyinə gələcəyini gözlədiklərini bildiriblər.
Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasından çıxacaq nəticə maraqla gözlənilərkən, sözügedən layihə həm Senat, həm də Nümayəndələr Palatasından keçəcəyi təqdirdə Ağ Evə göndəriləcək.
Trampın veto edəcəyi dəqiq görünən layihə bu halı ilə belə ABŞ Konqresindəki Respublikaçılar arasında İranla müharibənin uzanmasından duyulan narahatlığın bir əksi kimi qiymətləndirilir.
1973-cü il tarixli "Müharibə Səlahiyyətləri Qanunu" ABŞ Prezidentinin hər hansı bir ölkəyə qarşı müharibəyə başlamaq qərarını Konqresin təsdiqinə bağlayarkən, prezidentin bu cür addımını əvvəlcədən Konqresə bildirməsini məcburi edir.
Eyni qanun Konqresin təsdiqləmədiyi bir münaqişədən ABŞ qüvvələrinin 60 gün ərzində geri çəkilməsini də tələb edir.
