Meksikada ticarət mərkəzində baş verən yanğında 5 nəfər ölüb, 30 nəfər yaralanıb
Meksikanın şimal-qərbindəki Sinaloa ştatında yerləşən ticarət mərkəzində baş verən yanğında ilkin məlumatlara görə 5 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.
AFN.az xəbər verir ki, hadisə Sinaloa ştatının Los-Moçis şəhərindəki "Plaza Fiesta Las Palmas" adlı ticarət mərkəzində dünən yerli vaxtla günorta saatlarında qeydə alınıb.
Meydana gələn güclü yanğın nəticəsində 5 nəfər dünyasını dəyişib, müxtəlif dərəcəli xəsarətlər alan 30 nəfər isə xəstəxanalara yerləşdirilib.
Sinaloa Şimal Bölgəsi Baş prokurorunun müavini Xesus Serrano yerli mətbuata verdiyi açıqlamada 4 nəfərin meyitinin artıq müəyyən edildiyini, binada daha bir nəfərin qaldığına dair məlumatın olduğunu bildirib.
Serranonun sözlərinə görə, axtarış və identifikasiya prosesi kifayət qədər uzun və çətin prosedurdur və hazırda həlak olanların ailələri ilə əlaqə saxlanılır.
Yerli medianın şahidlərə istinadən yaydığı məlumatlara görə, yanğın ticarət mərkəzindəki restoranlardan birinin mətbəxində başlayıb və binadakı tezalışan materiallar səbəbindən alovlar sürətlə ətrafı bürüyüb.
Sinaloa Ştat Prokurorluğu sosial media hesabından bildiriş yayaraq tüstüdən zəhərlənən və xəsarət alanların ətrafdakı tibb müəssisələrinə çatdırıldığını təsdiqləyib.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə briqadaları işlərini davam etdirir, səlahiyyətli qurumlar tərəfindən yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.




