Tramp: Dünya Kuboku biletinə o pulu mən də ödəmərəm
ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Kuboku biletlərinin qiyməti ilə bağlı yaranmış müzakirələrə qoşulub.
AFN.az xəbər verir ki, ölkəsinin Los-Ancelesdə Paraqvaya qarşı keçirəcəyi açılış oyununun bilet qiymətlərinin min dollara çatması ilə bağlı danışan Tramp bu rəqəmi çox yüksək hesab etdiyini bildirib.
"New York Post" qəzetinə açıqlama verən Tramp dürüst olmaq gərəkirsə, bu məbləği şəxsən özünün də ödəməyəcəyini qeyd edərək, oyunu stadiondan izləmək istəyənlərin belə qiymətlər səbəbindən məyus olmasını istəmədiyini vurğulayıb.
FİFA isə 2026-cı il Dünya Kuboku üçün komandaların populyarlığına görə dəyişən yeni qiymət strategiyasını müdafiə edib.
Bu vəziyyət xüsusilə ev sahibi ölkənin oyunlarında biletlərin rekord səviyyəyə qalxmasına səbəb olub.
FİFA prezidenti Canni İnfantino qiymətlərin ABŞ-dakı digər böyük idman tədbirləri ilə bənzərlik təşkil etdiyini müdafiə edərkən, ucuz biletlərin qara bazarda daha baha satılma riskinə diqqət çəkib.
Tənqidlərdən sonra FİFA bütün oyunlar üçün məhdud sayda uyğun qiymətli bilet kateqoriyası açdığı halda, Kanadanın Ontario əyaləti biletlərin orijinal qiymətindən baha satılmasını qadağan edən bir tənzimləmə tətbiq edib.
Turnir yaxınlaşdıqca təkcə bilet qiymətləri deyil, nəqliyyat xərcləri də ictimaiyyətin etirazına səbəb olub.
Nyu-Cersidəki "MetLife" stadionuna gediş-dönüş qatar biletinin qiymətinin 12 dollardan 150 dollara qaldırılmasından sonra Nyu-Cersi rəhbərliyi məsələyə müdaxilə edib.
Aparılan son düzəlişlə bilet qiymətlərində 30 faiz endirim edilib və rəqəm 105 dollara endirilib.
Rəsmilər stadion ətrafında xüsusi avtomobil dayanacağının olmayacağını, azarkeşlərin ictimai nəqliyyata yönləndirilməsi üçün işlərin davam etdirildiyini bildiriblər.
