Dünya Çempionatının finalı üçün heyrətamiz bilet qiymətləri: 2 milyon dolları keçdi
FİFA-nın rəsmi bilet satışı platformasında Dünya Çempionatının finalı üçün satışa çıxarılan dörd biletin hər biri təxminən 2,3 milyon dollarlıq qiymətlə siyahıya alınıb.
AFN.az xəbər verir ki, 19 iyulda Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək final qarşılaşması üçün tələb olunan bu astronomik rəqəmlər idman tarixindəki bilet qiyməti rekordlarını alt-üst edib.
FİFA bilet mübadiləsi və satış platformasındakı qiymətləri özü müəyyən etməsə də, hər satışdan həm alıcıdan, həm də satıcıdan 15 faiz dərəcəsində xidmət haqqı alır. Bu o deməkdir ki, bir bilet 2,3 milyon dollara satılacağı təqdirdə, FİFA tək bir bilet üzərindən 690 min dollar qazanc əldə edəcək.
Platformada final üçün digər bilet qiymətləri də diqqət çəkir; qapı arxası aşağı qat biletləri 207 min dollar, ən üst qatın son sırasındakı yerlər isə 138 min dollardan təklif olunur.
Final üçün cümə axşamı etibarilə ən ucuz bilet qiyməti isə 10 min 923 dollar olaraq qeydə alınıb.
Əvvəlki Dünya Çempionatı turnirlərində bilet satış qiymətlərinə yuxarı limit tətbiq edən FİFA 2026-cı il turniri üçün bu qaydanı tətbiq etməmək qərarına gəlib.
ABŞ və Kanadadakı sərbəst təkrar bazar şərtlərini əsas gətirən federasiya qiymət limitinin alverçiləri "StubHub" kimi üçüncü tərəf saytlarına yönləndirəcəyini iddia edərək bu addımı atdığını müdafiə edib.
2022-ci il Dünya Çempionatında 5 faiz olan xidmət haqları da bu turnirdə hər iki tərəf üçün 15 faizə qaldırılıb.
Final biletləri ilə yanaşı, yarımfinallar və qrup oyunları üçün də yüksək qiymətlər müşahidə olunur. 14 iyulda Texasda keçiriləcək yarımfinalın biletləri 11 min 130 dollardan, 15 iyuldakı Atlanta yarımfinalı isə 9 min 660 dollardan satışa çıxarılıb.




