Vəziyyəti pisləşən Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirilib
"Mançester Yunayted" - "Liverpul" qarşılaşmasını izləmək üçün "Old Trafford" stadionuna gələn əfsanəvi məşqçi Ser Aleks Ferqyuson oyunun başlamasına təxminən bir saat qalmış özünü narahat hiss etdiyi üçün xəstəxanaya aparılıb.
AFN.az xəbər verir ki, 84 yaşlı mütəxəssis dərhal stadiondakı tibb personalı tərəfindən müayinə edilib və daha sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Klub rəsmiləri və Britaniya mətbuatı Ferqyusonun huşunun yerində olduğunu və bu addımın ehtiyat tədbiri kimi atıldığını bildiriblər. Qeyd olunur ki, hazırkı vəziyyətin veteran məşqçinin 2018-ci ildə keçirdiyi beyin qanaması ilə hər hansı bir əlaqəsi yoxdur.
Xatırladaq ki, şotlandiyalı mütəxəssis 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edərək 13 Premyer Liqa və 2 Çempionlar Liqası titulu qazanıb. Hazırda stadionda olan azarkeşlər əfsanəvi məşqçiyə dəstək şüarları səsləndirirlər. Həkimlər onun qısa müddətdə evinə buraxılacağına ümid edirlər.





