Premyer Liqanın Şöhrət Muzeyinə iki yeni ad daxil edilib
İngiltərə Premyer Liqasının Şöhrət Muzeyinə keçmiş ingilis futbolçuları, “Mançester Yunayted”lə tanınan Endryu Koul və “Çelsi”nin əfsanəvi kapitanı Con Terri daxil edilib.
Qurumdan verilən açıqlamada hər biri 5 Premyer Liqa çempionluğu qazanan Koul və Terrinin Şöhrət Muzeyinə seçildiyi bildirilib.
“Nyukasl Yunayted”, “Mançester Yunayted”, “Blekbern Rovers”, “Fulhem”, “Mançester Siti”, “Portsmut”, “Sanderlend” kimi komandalarda forma geyinən Koul 414 matçda vurduğu 187 qolla Premyer Liqa tarixində ən çox qol vuran 4-cü futbolçusu olub. 1993-94 mövsümündə "Nyukasl Yunayted"lə ən çox qol vuran Koul, 1995-ci ildə müqavilə bağladığı "Mançester Yunayted"lə 5 çempionluğun hamısını qazanıb.
Beş çempionluqla "Çelsi"nin ən uğurlu kapitanı olan Terri Premyer Liqada qapısını ən yaxşı qoruyan (214) müdafiəçi adına sahibdir. Terri eyni zamanda 492 matçda 41 qol vuraraq liqanın ən çox qol vuran müdafiəçisi olub.
Bu arada, Şöhrət Muzeyi üçün seçilən adların sayı 24-ə yüksəlib.
2021-də Alan Şirer, Tierry Henry, Erik Kantona, Roy Kin, Dennis Bergkamp, Frank Lempard, David Bexem, Steven Cerrard, 2022-də Ueni Runi, Patrick Vieira, Serxio Aguero, Didye Droqba, Vincent Kompany, Piter Şmeixel, Pol Skols, Ian Rayt, keçən il Ser Alex Ferguson, Arsen Venger, Tony Adams, Petr Çex və Rio Ferdinand, bu il isə Endryu Kol, Con Terry və Eşli Kol bu şərəfə layiq görülüb.